“Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı ABŞ-nın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib: “Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik.
Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.
Dövlətimizin başçısı deyib: “Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi.
İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər.
Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi. Amma bunun Azərbaycana birbaşa təsiri olmadı”.
Dövlətimizin başçısı bildirib: “Mən deyərdim ki, vəziyyət bizə birbaşa təsir göstərməyib. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Yəqin ki, biz bir daha Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmayacağıq”.
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak edir.