Pinhas Qoldşmit: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir”

 17-02-2023

“Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şərait digər ölkələrə nümunədir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit Münhendə Prezident İlham Əliyevlə görüşündə bildirib.

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit 1997-ci ildə Azərbaycana səfərini və ulu öndər Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırlayıb, ümummilli liderlə görüşün onda zəngin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğulayıb, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu deyib. O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğulayıb, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını deyib.

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

Bənzər yazılar

0.14016699790955