Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
Prezident İlham Əliyev Münhenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə bildirib ki, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb, alman şirkətləri ilə uğurlu təcrübəmiz var, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələri mövcuddur.
Dövlətimizin başçısı 2022-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib, bu sahədə alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur”.
Dövlətimizin başçısı Azərbaycanda bərpa olunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.
Həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpa olunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var.
Prezident İlham Əliyev Mixael Harms ilə söhbət əsnasında Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu vurğulayıb.