“Ötən il Azərbaycanda bank sektorunun aktivləri illik müqayisədə 22% artaraq 47 milyard manat olub”.
Milletinsesi.info xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda Azərbaycan Banklar Assosiasiyasının idarə heyətinin sədri Zakir Nuriyev deyib.
Zakir Nuriyev bildirib ki, ötən il bankların kredit portfeli 17,6% artaraq 19,6 milyard manat, depozit portfeli isə 25,3% artaraq 33,8 milyard manata çatıb:
“Sektorun vergilər ödənilənədək mənfəəti 1 milyard 176 milyon manat olub. Ötən il ərzində banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi isə 261,3 milyon manat təşkil edib. Bu isə 2021-ci ilin sonuna nisbətdə 58% çoxdur”.