Kulis.az rejissor, aktrisa Fatimə İbrahimbəyova haqqında maraqlı faktları təqdim edir.
Fatimə İbrahimbəyova 1974-cü ildə nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyovun və rusəsilli aktrisa Lyudmila Duxovnayanın ailəsində dünyaya gəlib.
Bir müddət sonra Fatimənin valideynləri ayrılmaq qərarı veriblər. Anası ilə birlikdə yaşamağa başlayan Fatimə həmin günləri müsahibələrinin birində belə xatırlayıb:
”18 yaşına qədər Bakıda böyümüşəm. Hərdən atamla anamın bir yerdə olmamasının səbəbləri barədə düşünürdüm. Amma atam o qədər səfərlərdə olurdu ki, mən bu vəziyyətə öyrəşmişdim. Bakıda olanda həmişə evdə bizimlə olurdu. Bir ailəsi Moskvada idi, bir ailəsi də Bakıda. Buna görə atam Moskvada olanda bu, mənim üçün onun işlədiyi və deməli, məşğul olduğu demək idi. Bakıda olanda isə o, evdə idi. Və mən uzun müddət bu barədə fikirləşmirdim. Mənim elə coşqun uşaqlığım keçib, o qədər işlərim olurdu ki, bu barədə fikirləşməyə vaxt olmurdu. Təbii ki, onun üçün darıxırdım. Lakin o, həmişə iki şəhərdə yaşayırdı. Hələ də belə yaşamağa davam edir. Əlbəttə, yaşım artdıqca bəzən atamla birlikdə az vaxt keçirdiyim barədə fikirlər yaranırdı. Lakin atam mənim üçün sanki bir ilahi idi”.
Uşaqlığı teatr və kino mühitində keçən Fatimənin dostları çox olub. Hələ məktəbdə oxuyanda məhəllə və məktəb dostlarını tez-tez evlərinə qonaq çağırıb. Bəzən bu qonaqların sayı o qədər çox olub ki, hətta Fatimənin anası teatrdan evə gələndə, deyib:
“İlahi, Fatimə sən yenə bütün həyəti evə yığmısan. Mən heç vaxt evə gəlib rahatlana, sakitlik tapa bilməyəcəyəm?”
Fatimə məktəb illərində həmişə dərsdən çıxıb anasının işlədiyi Rus Dram Teatrına gedib. Günlərin birində teatrın direktoru Qəzənfər Topçuyev aktyorların uşaqlarının teatra gəlməsini qadağan edib. Fatimə növbəti gün dərsdən çıxıb teatra gələndə, qapıçı ona geri qaytarıb, tapşırığın direktor tərəfindən qoyulduğunu bildirib. Çox pis inciyən Fatimə evlərinə gedib. Aradan bir müddət keçəndən sonra o, anası ilə parkda gəzərkən teatrın direktoru ilə rastlaşıb və onunla salamlaşmayıb. Qəzənfər müəllim bunun səbəbini soruşanda, Fatimə deyib ki, “siz məni teatra anamın yanına buraxmamısınız”. Həmin gündən sonra Qəzənfər müəllim ancaq Fatiməyə teatra girmək icazəsi verib.
Fatimə 6-cı sinfə qədər Bülbül adına musiqi məktəbində oxuduqdan sonra, orta məktəb təhsilini 189 nömrəli məktəbdə davam etdirməyə başlayıb. Məktəbi başa vurub sənədlərini Xarici Dillər İnstitutuna verib və qəbul olunub.
Sonrakı illərdə o, teatr və kino sahəsinə meyillənib. Aktrisa olmağı qərara alan Fatimə sənədlərini “VQİK”ə verməyi planlaşdırıb. Ancaq ata və anası onun heç vaxt aktrisa olmağını istəməyiblər. Buna baxmayaraq, Fatimə artıq on altı yaşında ilk filmə çəkilib.
Moskvaya gedib sənədlərini “VQİK”ə verən Fatiməyə atası və onun dostu rejissor Nikita Mixalkov məsləhət görüblər ki, o, sənədlərini aktrisalığa yox, rejissorluğa versin. Hətta Mixalkov ona deyib ki, sən rejissorluğa daxil olsan, həm film çəkəcəksən, həm də aktrisa kimi iştirak edəcəksən. Amma aktrisa olsan, rejissor olmaq üçün yenidən təhsil almağın lazım gələcək. Beləliklə, onları dinləyən Fatimə rejissorluq fakültəsini seçib. Amma tələbəliyin ilk illərindən kinolara çəkilmək üçün çoxlu dəvət alıb.
Fatimə İbrahimbəyova üç filmə çəkilib: “Cəhd edən adam” (Azərbaycan, 1998), “Etimad telefonu” (Rusiya-Azərbaycan, 2001), “Kabusun gözləri ilə” (Azərbaycan-Fransa, 2011). O, həm də bir qısametrajlı filmin müəllifidir.
VGİK-də oxuduğu illərdə Fatimə Moskva İncəsənət Teatr Məktəbinin istehsalat şöbəsində oxuyan Maks adlı oğlanla tanış olub. Onda Fatimənin 18 yaşı yenicə tamam olub. İnstitutun dördüncü kursunda onlar evləniblər. Beşinci kursda isə Fatimə artıq hamilə olub və analıq məzuniyyətinə çıxıb. 2019-cu ildə müxbirin - “20 ildir evlisiniz, hələ də bir-birinizi sevirsiniz?”, - sualına aktrisa belə cavab verib:
“Şübhəsiz ki, biz hələ də aşiqik. Bu, bir faktdır. İndi siz bu sualı verirsiniz və mən telefonumun ekranında ərimin yazdığı mesajı görürəm. O, yazır - Sevgilim, sən haradasan?”
Uzun illərdən sonra Fatimə aktrisalıq arzusu barədə deyib:
“Ümumiyyətlə, aktyorluq təhsilim yoxdur. Mən sözün geniş mənasında yaradıcı adamam. VGİK-in rejissorluq fakültəsini bitirmişəm. Aktrisa olmaq istəyirdim, amma sonralar bu barədə xüsusi məqsədim olmadı. Müəyyən psixoloji xüsusiyyətlərimə görə bu alınmadı. İndi düşünürəm ki, mən asanlıqla ictimaiyyətə açılan insan deyiləm. Bəlkə də, hansısa rollara çəkilə bildim, amma əsl aktrisa ola bilmədim. Çünki utanıram. Kadrda soyunmağım, kiminləsə öpüşməyim real deyil. Belə bir aktrisa ilə münasibət qurmağı necə təsəvvür etmək olar?”
Hazırda həyat yoldaşı və 3 oğlu ilə Azərbaycandan kənarda yaşayır. Özünün deməyinə görə, ərinin işi ilə əlaqədar Türkiyəyə köçməyə məcbur olub.
Yoldaşı, üç oğlu və bir nəvəsi ilə xarici ölkədə yaşayan Fatimə İbrahimbəyova Azərbaycana bağlı olduğunu belə ifadə edib:
“Hə, mən vətənimi tərk etdim. Lakin bu, zərrə qədər xalqıma və vətənimə sevgini azaltmayıb. Yaşım artdıqca ölkəmin mədəni həyatında daha çox iştirak etməyə çalışıram. Allah qoysa, hər şey alınacaq. Bakıda ən sevdiyim yer mənim böyüdüyüm və hazırda anamın yaşadığı “Monolit” binadır. Abşeronda isə ən sevdiyim yer xoş xatirələrimlə bağlı olan Nardaran qəsəbəsində yerləşən bağımız, mülkümüzdür. Atam həmişə mənim üçün kumir olub. Mənim anam da mənim kimidir. Hesab edirəm ki, anam gözəl görünür. Onlar həmişə cavandırlar. Anam uşaq kimidir. Mən onu zarafatca “qızım” deyə çağırıram”.
Rüstəm İbrahimbəyov ölümündən bir müddət əvvəl qızına yazdığı məktubda deyib:
“Həyatın qaranlıq tərəflərindən utanma - bir işıq şüası da müxtəlif rənglərdən ibarətdir. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib başqasını itirərək yaşamağa çalışma. Yalnız özünü sevmə - tənhalıqdan qurtuluşun başqa yolu yoxdur. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da pis ola bilər. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət məcəlləsini də unutma. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər təkcə özünü sevmirsənsə. Unutma, həyatla vidalaşanda belə münasibətlərin aydınlaşması istisna olunmur. Kremasiyaya (vəfat edən insanın öz vəsiyyətinə əsasən, ölümündən sonra yandırılması, külünün saxlanılması ritualı - red.) razılaşma - Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən. Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin. Qonaqlığın həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri. Sağlamlıq icazə verirsə... Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə - karantin gec-tez keçəcək”.