Zakir Fərəcov küçə ticarətini YIĞIŞDIRIR: Bayıra məhsul çıxaran marketlərə XƏBƏRDARLIQ EDİLİB

 04-02-2023

Bir neçə gündür ki, Sumqayıtda küçə ticarətinin yığışdırılmasına başlanılıb. 

Bu barədə Valyuta.az-a məlumatı xırda sahibkarlıqla məşğul olanlar verib. Onların sözlərinə görə, küçə ticarəti ilə məşğul olanlara, eyni zamanda bayıra məhsul çıxaran marketlərə xəbərdarlıq edilib:

“Marketlərə deyiblər ki, çölə mal çıxarmayın. Həmçinin çöldə marketə aid heç nə olmamalıdır. Yəni, soyuducu, reklam piştaxtaları və s. Küçə ticarəti ilə məşğul olanlara isə deyilib ki, yığışdırın".

Onların sözlərinə görə, bu addım şəhərin görünüşünə xələl gəlməsi ilə izah edilir: “İllərdir ki, biz bəzi məhsullarımızı marketin qarşısına çıxarırıq. Bura qablaşdırılmış sular, soklar, dondurma və bəzi xırdavatdır. Heç vaxt bizə deyilməyib ki, malları içəri salın. Amma indi şəhərin görünüşünü əsas gətirib deyirlər ki, çölə heç nə çıxarmayın".

Sahibkarlar iddia edir ki, proses Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi əsasında baş verir. Məsələ ilə bağlı qurumun mövqeyini öyrənmək mümkün olmayıb. Amma əməkdaşımızı şəhərdə apardığı müşahidələr zamanı bir çox marketlərin artıq mallarını içəri salmasının şahidi olub. Market sahibləri söhbət zamanı onlar deyilənləri təsdiqləyiblər. 

Müəllif Seyid
Mənbə Valyuta.az

Bənzər yazılar

0.42853713035583