"Azəriqaz"ın Şöbə rəisi ŞƏHİD ATALARINA CAVABI: “Ölkədə qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik”

 04-02-2023

Yardımlıdan olan şəhid valideynlərinin rayonda qazın verilişindən şikayətləndiyi bildirilir.

Bu barədə “Qanun” Nəşrlər Evini direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşım edib.

“Sabir Rüstəmxanlının otağında Yardımlıdan gəlmiş şəhid atalarını gördüm. Onlar özləri üçün deyil, bütün Yardımlı qazsız qaldığı üçün dövlətə üz tutublar. Mirimli kəndindən şəhid Cavid Zeynalovun atası Vaqif Zeynalov deyir ki, Yardımlıda 84 kənddən yalnız 14 kəndə qaz verilib, o da gəlmir. 5 şəhid vermiş Zevin kəndində işıq dirəkləri aşıb. Düzəldən yoxdur. Oduna 600-700 manat pul ödəyə bilmirik. Bunu isə şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev deyir. Peştəsərdən əfsanəvi kəşfiyyatçı Şahlar Nəzərovun atası Yaşar Nəzərov isə deyir ki, Şəhid atalarına diqqət yoxdur. Müdafiə Nazirliyindən yaşayış ünvanımı soruşurlar, deyirəm Bakının küçələri. Deyir yox, yaşadığın ünvanı de, yenə Bakının küçələri deyirəm, çünki oğlum şəhid olandan sonra dövlət təşkilatlarının qapılarında gecələyirik”, - paylaşımda bildirilib.

Naşir qeyd edib ki, iki gün öncə Yardımlı şəhid ataları “Azəriqaz”ın Baş İdarəsinə gediblər:

“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov onlarla görüşüb. Şikayətə cavab olaraq deyib ki, ölkədə qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik”.

Səsləndirilən iddialarla bağlı “Azəriqaz”ın rəsmisi Eldəniz Vəliyev Yeniavaz.com-a bildirib ki, şöbə rəisləri belə xoşagəlməz hala yol verməzlər:

“4 şəhid atası gəlib, 1 nəfər də cavan oğlan olub. Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev onları qəbul edib, öz otağında dinləyib. Eyni zamanda Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovu da ora dəvət edib. Onları yüksək səviyyədə dinləyiblər. Bizim şöbə rəisləri bilavasitə vətəndaşlarla görüşən, onlarla işləyən adamlardırlar. Onların səviyyəsi, dünyagörüşü imkan verməz ki, xüsusilə də şəhid valideynləri ilə bağlı xoşagəlməz ifadələr işlətsinlər. Qətiyyən belə bir şey ola bilməz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Sabir Rüstəmxalı Ş.Xuduoğlunun qardaşıdır.

Bənzər yazılar

0.20257878303528