Kadri Simson: “Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər”

 03-02-2023

“Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpa olunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında söyləyib.

“Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”, - deyə Kadri Simson vurğulayıb.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatıb. Bu artım Aİ-nin enerji təhlükəsizliyinə böyük töhfə verib.

“Bərpa olunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir.

Azərbaycanda bərpa olunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpa olunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim enerji naminə proqramımız bərpa olunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nou-hau texnologiyasını və özəl sərmayələri qoyur. 2022-ci ildə biz Avropada enerji böhranı ilə qarşılaşdıq.”, - deyə Aİ komissarı əlavə edib.

K.Simsonun qeyd edib ki, Avropanın bu çətin vəziyyətində Azərbaycan bizə köməyə gəldi:

“Bu dövrdə biz bildik ki, Avropanın günəş və külək enerjisi potensialı azdır. Biz məcbur olduq ki üzv ölkələrə enerji istismarını azaltmalarını deyək. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Avropaya qaz təchizatını 40%-ə qədər artırdı”.

Bənzər yazılar

0.44503808021545