Yevlax da torpaqlar o qədər şoranlaşıb ki, heç kol-kos da BİTMİR

 31-01-2023

Yevlax rayonunun Əkşəm-Xaldan və Xaldan-Qaraoğlan kənd sakinləri şoranlaşmış sahələrin əkin və maldarlıq üçün tamamilə yararsız hala çevrilməsindən narahatlıq keçirdiklərini və bu halın günbəgün genişləndiyini deyiblər.

Onlar bu barədə Yeniavaz.com-a müraciətlərində bildiriblər.

Kənd sakini Arif Məmmədov deyib ki, əgər vaxtında müdaxilə olunmasa, vəziyyət daha da acınacaqlı olacaq:

“Kəndlinin çörəyi torpaqdan çıxır, torpaqlar o qədər şoranlaşıb ki, heç üzərində kol-kos da bitmir. Heyvanlarımızı yemləməyə ot tapmırıq”.

Sakinlər bildirib ki, bu rayonun ərazisindən torpaq məcralı və beton örtüklü suvarma kanalları keçir. Yerli sakinlərin iddiasına görə, hər iki məcralı kanalda baş verən sızmalar ərazinin əkin və maldarlıq üçün uyğun torpaqlarını tam yararsız hala salır.

Salamabad kəndində yaşayan heyvandarlar “həyəcan təbili” çalır. Onların sözlərinə görə, beton örtüklü kanalda belə qəza halı yaranıb. Ətraf ərazini su basıb. Ordan heyvanları belə keçirmək mümkün deyil. Onları yemləməyə isə heç nə tapa bilmirlər:

“Hər gün iri buynuzlu malları gətiririk ki, guya nəsə tapıb qidalana bilərlər. Amma şoran torpaqda kol kosdan başqa bir şey tapmaq mümkün deyil. Çünki yetişmir. Otun bağlaması 5 manatdır. Nə edək, necə edək, bilmirik. Gəlib beton kanaldakı çatın qarşısını alsınlar. Şor kanallar dolub, axıntı yox, sızmalar isə baş alıb gedir. Şoran torpaqların sahəsi günbəgün böyüyür”.

Məsələyə münasibət bildirən Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov rayon ərazisindən keçən kanalların torpaq məcralı və beton örtüklü olduğunu diqqətə çatdıraraq, hər il bu istiqamətdə məqsədyönlü iş aparıldığını deyib:

“Beton örtüklü kanallar kilometrlərlə məsafədə uzansa da, araşdırmalarımız əsasında hissə-hissə hər il onlarda mövcud olan çatları və digər texniki problemləri bir kilometr və artıq məsafədə cari təmirlə həll etməyə çalışırıq. Təbii ki, bizim podratçı təşkilatlarla bu yöndə əməkdaşlığımız həlledici önəm daşıyır. 2023-cü il ərzində bu sahədə daha da çox iş görmək əzmindəyik. O cümlədən torpaq məcralı kanal və arxların təmizlənərək axıntı üçün əlverişli vəziyyətə gətirilməsinə bütün imkanlarla səy göstərəcəyik”.

Ariz Mikayılov beton örtüklü kanalda vətəndaşlar tərəfindən müşahidə olunan çat və torpaq sızması məsələsinə də aydınlıq gətirib. O təcili olaraq, idarənin sahəyə məsul olan əməkdaşlarına qəza yerini təsbit edib, onun dərhal aradan qaldırılması üçün lazımi tapşırıqlar verildiyini bildirib.




Bənzər yazılar

0.14640307426453