Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində məhsulların qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə 2022-ci il 1 noyabr - 2023-cü il 19 yanvar tarixlərində ümumilikdə 1 584 ticarət və 662 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinq zamanı 61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən müşayiətedici sənədləri olmayan 468,86 kq qatıq, 39 litr süd, 170,115 kq pendir, 7 kq şor, 1 kq süzmə, 1006 kq müxtəlif növ turşu, 226,5 kq müxtəlif növ mürəbbə, 40,3 kq tənək yarpağı, 24 kq yağ, 14 litr nar şirəsi, 20 kq düşbərə, 3,85 kq marinə edilmiş mal əti, 10 kq şirniyyat, 4 litr şərab, 2 litr kompot, 5 ticarət müəssisəsində isə əsas qablaşdırmanın üzərində etiketlənmə təmin olunsa da, satış vitrinində çəki ilə satılan məhsulların üzərində istehsal, son istifadə tarixi və s. məlumatları olmayan 67,4 kq pendir məhsulu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsullar satışdan kənarlaşdırılaraq müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, naməlum şəraitdə, sanitariya-gigiyena norma və qaydalarına riayət etmədən qidaların hazırlanması insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, istehsal və emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır.
Qanunvericiliyin bu tələbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlər, o cümlədən kiçik və mikro sahibkarlar üçün məcburidir. İstehsal və ya emal olunan qida məhsullarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilməlidir. Bununla əlaqədar ticarət şəbəkələrinin rəhbərlərinə müvafiq qanunvericiliyə uyğun olaraq, satışa yalnız sənaye üsulu ilə, qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrdə hazırlanmış və müvafiq müşayiətedici sənədləri olan qida məhsullarının çıxarılması barədə xəbərdarlıq məktubları ünvanlanıb.
AQTA istehlakçıları bir daha ölkədə qida təhlükəsizliyi qeydiyyatından keçməyən müəssisələr tərəfindən istehsal olunan və qida təhlükəsizliyi sertifikatı olmadan idxal edilən məhsulları əldə etməməyə, habelə məhsulun etiketində qanunvericiliklə nəzərdə tutulmuş məlumatların, xüsusilə də məhsulun adı və tərkibi, istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adının qeyd olunmasına diqqət yetirməyə çağırır. Bu istiqamətdə qarşılaşdıqları neqativ hallarla bağlı “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.