Mənsum İbrahimov: “Terrorçu səfirliyin binasına hücum edə bilibsə, əlbəttə, arxasında duranlar var”

 30-01-2023

“İrandakı səfirliyimizə edilən silahlı hücumu xalqımın bir nümayəndəsi, sənət adamı kimi qınayıram. Çünki bu, terror hadisəsidir. Səfirliyin yerləşdiyi ərazi birmənalı olaraq Azərbaycanın suveren ərazisi sayılır. Terrorçu binaya hücum edə bilibsə, əlbəttə, arxasında duranlar var. İran tərəfi hadisəyə müxtəlif don geyindirməyə çalışır ki, guya şəxsi zəmində baş verib. Amma terror aktı olduğu göz qabağındadır. Şəhid olan əməkdaşımıza Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun. Yaralılarımıza Allahdan şəfa diləyirəm. Xalqımız hiddət içindədir. Bu, birbaşa xalqımıza, dövlətimizə qarşı yönəldilmiş terrordur, böyük hadisədir. Şiddətlə qınayıram. Səbəbkarlar aydınlaşdırılmalı, onlara qanunla ən sərt cəza verilməlidir. Bunu belə qoymaq olmaz”.

Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov deyib.

O bildirib ki, Azərbaycan səfirliyi artıq diplomatik fəaliyyətini dayandırıb:

“Əlbəttə, hər şey aydınlaşana qədər belə də olmalıdır. Azərbaycan 20-30 il bundan əvvəlki dövlət deyil, güclüdür, Cənubi Qafqazın lider dövlətidir. 44 günlük müharibədə də gücünü dünyaya sübut etdi. 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz azad etdi. Bu gün də Azərbaycan haqq sözünü dünyaya deməyi bacarır və Allahın izni ilə bundan sonra da bacaracaq. Bizim güclü dövlətimiz var, liderimizə güvənirik. Xalq olaraq dövlətimizin arxasındayıq”.

M.İbrahimov Azərbaycanın İrandakı səfirliyini bağladığına görə İran tərəfinin absurd açıqlamalar verməsinə də münasibət bildirib:

“Dövlətimiz doğru olan nədirsə, onu edir. Dövlətimizə güvənirik. Belə də olmalıdır. İran bizim əvəzimizə nə qərar verə bilər? Bu, bizim qərarımızdır. Dövlətimiz nə etmək lazım olduğuna özü qərar verir. Düz etmişik. Çünki törədilən terror cəzasız qalmamalıdır. Bu gün bütün dünya səfirliyimizdə törədilən terror hadisəsini şiddətlə qınayır”.

Xalq artisti Azərbaycanın Təbrizdə konsulluğunun fəaliyyətini davam etdirməsinə, cənublu soydaşlarımızın ayağa qalxması üçün edilən çağırışlara da dəstəyini ifadə edib:

“Əlbəttə, terror hadisəsinə görə xalqımız bu gün birləşməlidir. Konsulluğumuzu bağlamadılar. Çünki bizim vətəndaşlarımız ora müvəqqəti gedir-gəlir, insanlarımız orada yaşayırlar. Suallar yaranır, bununla bağlı diplomatik nümayəndəliyimizə müraciət etməlidirlər, çünki onların hüquqlarını nümayəndəliyimiz qoruyur. Amma rəsmi elan olundu ki, İranda diplomatik fəaliyyətimiz dayandırılıb. Bütün dünya bunu eşitdi”.

Bənzər yazılar

0.20758986473083