Bakıda motosiklet sürücüsünə fiziki təzyiq göstərən Sultan Dadaşovun həbs olunması barədə hələki rəsmi məlumat verilmir. Hadisə təxminən bir həftə öncə baş versə, də yayılan görüntülərlə bağlı araşdırmaların getdiyi bildirilir.
Xatırladaq ki, aprelin 25-də sosial şəbəkədə görüntülər yayılıb. Belə ki, “Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən motosiklet sürücüsünü əvvəlcə avtobillə sıxaraq moped sürücüsünün ayağına xəsarət yetirib.
Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək, motosiklet sürücüsünə qarşı təhqiredici ifadələr işlədib, ona fiziki güc nümayiş etdirib.
Hadisədən bir gün sonra Sultan Dadaşovun saxlanıldığı, məhkəmə qarşısına çıxarıldığı və ona 25 sutka inzibati həbs cəzası verildiyi söylənildi. Amma rəsmi qurumlar mediada yayılan bu xəbəri təkzib edərək, olayla bağlı araşdırmaların davam etdiyini açıqladılar.
Bir sözlə bu günə qədər rəsmi dairələrdən motosiklet sürücüsünə fiziki təzyiq göstərən Sultan Dadaşovla bağlı hər hansı məlumat bildirilməyib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Sultan Dadaşov saxlanılıb və bir həftədir ki, Daxili İşlər Nazirliyinin müvəqqəti təcridxanasında istintaqa cəlb edilib.
Xatırladaq ki, Sultan Dadaşov Prezident aparatının işlər idarəsinin əməkdaşıdır.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan cavab ala bilmirik.