Əsgər anası Səriyyə Zöhrabova: “Oğlum intihar etməyib, kürəyindən vurulub”

 30-04-2022

Masallı sakini ölüm faktının düzgün araşdırılmadığını deyir

“18 il oğul böyüdüb əsgər yollamışam, bundan sonra 18 il də onun qatilini axtaracam”. Bunu Masallı rayonunun Ərkivan kənd sakini Səriyyə Zöhrabova deyir. O, oğlunun hərbidən qalan paltarını geyinərək özünü təsəlli edir.

Onun oğlu, Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Ramin oğlu Zöhrabov əsgərliyinin bitməsinə 8 gün qalmış müəmmalı şəkildə ölüb.

esger anasi

İlkin Zöhrabov Kəlbəcər rayonundakı N saylı hərbi hissədə xidmət edirdi. “Əlimizdə sübutlar var ki, oğlumuz öldürülüb”, – ana deyir.

Səriyyə Zöhrabovanın sözlərinə görə, ona oğlunun ölümü ilə bağlı yalan məlumatlar verilib:

“Birinci uşağın ölümünə səbəb kimi yazmışdılar ki, ürək travmasından ölüb. Binadan düşməyib ki, bu uşaq ürək travması ala. İkinci dedilər “intihar edib”. Mənim balam guya özünü çənəsindən vurub öldürüb. Axırda intihar həddinə çatdırmaqdan cinayət işi açıldı. Mənim oğlum intihar etməyib, kürəyindən vurulub. Güllə ürəyindən çıxıb”.

Anası İlkinlə sonuncu dəfə telefon vasitəsilə əlaqə saxlayanda oğlu ona Kəlbəcərə getdiyini deyib:

“Mənim oğlum 44 günlük Vətən müharibəsində iştirak edib. Topçu idi. Onunla danışanda olduğu yeri bizə demirdi. Deyirdi: “Mama, düşmən bizi izləyir”. Axırıncı dəfə danışanda dedi: “Mama, bizim üçün dua elə, qalxırıq Kəlbəcərə. Narahat olma, orda şəbəkə olan kimi sənə zəng edəcəm”. Ondan sonra balamla danışa bilmədim”.

olen esger ana bala manset

Səriyyə Zöhrabova iddia edir ki, Hərbi Prokurorluq müstəntiqləri qoruyur:

“Hərbi prokuror açıq-aşkar müstəntiqlərin yalanlarını ört-basdır edir. Deyirlər ki, iki çadırın arasında oğlum özünü öldürüb. Şəkilə baxıram, iki çadır arasında 1-2 metr var. Necə oldu oğlum özünü öldürdü, səsi heç kim eşitmədi? Silahda əl izi yox, gilizdə əl izi yox. Oğlum öləndən sonra çadır aşıb üstünə. 4-5 gün sonra qarın içindən tapıb çıxarıblar”.

“Birinci müstəntiq İslam idi. Ona imkan vermədilər işi açsın. Necəsə işi aça bilmədi. Sonra keçdi Elşən Mürsəlovun əlinə. Daha sonra da Tural Həsənli oldu. Tural Həsənli gəlib bizi öz evimizdə aldatdı. Məhkəmədə mənim oğlumun ölümündən danışan yoxdur”.

olen esger

Aprelin 29-da Tərtər Hərbi Məhkəməsində İlkin Zöhrabovun ölümü ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə ifadə verən şahid Samir İbrahimov işi aparan müstəntiq Elşən Mürsəlovun istintaq zamanı ona təzyiq etdiyini deyib və həmin vaxt verdiyi ifadəsindən imtina edib. O bildirib ki, istintaq zamanı özünü işgəncə və digər təzyiqlərdən qorumaq üçün müstəntiqin istədiyi ifadəni verib.

olen esger mektub

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər İlkin Ramin oğlu Zöhrabov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Səriyyə Zöhrabova oğlunun ölümü ilə bağlı Prezident Administrasiyasına müraciət edib, amma ordan da cavab almayıb.

Meydan TV Hərbi Prokurorluqdan məsələyə münasibət öyrənə bilməyib.

 

Bənzər yazılar

0.20520520210266