Naxçıvanda imtahan suallarının CAVABLARI SATILIB?

 19-01-2023

Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə kənarda qaldığı bildirilir. 

“Yeni Sabah” bildirir ki, bu barədə imtahanda iştirak edən müəllimlər məlumat veriblər. 

Şərur rayonundan olan namizəd M.Allahverdiyev deyib ki, imtahan sualının hər biri 60 manata satılırmış:

“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət edilib. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən”.

Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildiriblər ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalıb. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.

Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N.Məmmədov (ad və soyad şərtidir) deyib ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:

“Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyinə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədi. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməsən, işdən atarlar. O da məcbur qalıb, aradakı vasitəçiyə 2 min manat verdi, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.

Yayılan iddialara Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi reaksiya verib. Mərkəz bildirib:

“Dövlət İmtahan Mərkəzinə ünvanlanmış bu absurd fikirlərin əsası varsa, həqiqətən də adı çəkilən o “şərti müəllimlər” kiməsə rüşvət veriblərsə, buyursunlar hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Təhsil müəssisələrində hansısa direktor və ya müəllimlərin işdə saxlanılması və ya azad olunması Dövlət İmtahan Mərkəzinin səlahiyyətində deyil. Bu tipli məlumatları yaymazdan əvvəl adıçəkilən qurumla əlaqə saxlayıb informasiyaları dəqiqləşdirmək daha düzgün olar”.

Bənzər yazılar

0.26322388648987