Media rəhbərləri "Azərbaycan Nəşriyyatı" MMC qarşısında ETİRAZ AKSİYASI KEÇİRİB

 18-01-2023

Bu gün "Azərbaycan" nəşriyyatında uzun illərdir fəaliyyət göstərən redaksiyaların çoxsaylı jurnalistləri və rəhbər şəxsləri icarə haqlarının heç bir səbəb olmadan süni qaldırılmasına etiraz əlaməti olaraq tədbir keçiriblər.

Tədbir nəşriyyatın qarşısında baş tutdu. Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin 3 PPX avtomobilində olan polis əməkdaşları, eləcə də ərazi polis bölməsinin əməkdaşları gəlmişdilər.

Lakin polis əməkdaşlarının jurnalistlərlə fərdi söhbətindən sonra onlar da məlumatlandırıldılar ki, tədbir siyasi aksiya yox, icarə haqqının qaldırılmasına etiraz tədbiridir.

Çoxsaylı qəzet, sayt və internet TV-lərin də əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər keçmiş rəhbərlikdən (Ağabəy Əsgərov) miras qalmış təmirsiz, biabırçı otaqlara görə qiymətlərin təxminən 60 faiz qaldırılmasının yolverilməz olduğunu bildirdilər və bu məsələnin tezliklə həll olunacağına ümid etdilər.

Aksiyadan sonra "Azərbaycan" nəşriyyatının direktor müavini Anar müəllim bir qrup jurnalistləri qəbul edib. O, söz verib ki, qaldırılan problemləri nəşriyyatın direktoru Leyla Güləliyevaya çatdıracaq, Prezident Administrasiyasına məruzə ediləcək. Söz verdi ki, problemdə ortaq məxrəc tapılacaq.

 “Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı APA-ya açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb. 

Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub:

“Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu.

 Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının, hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.

Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib: "Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil".

Bənzər yazılar

0.088806867599487