Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə İmişli rayon Aranlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın məktəbdəki şəraitlə bağlı tənqidi videomüraciəti yayılıb. Sözügedən müraciətdə o, məktəbin sanitar qovşaq problemini işıqlandıraraq dərsləri boykot etmişdi.
Meydan TV xəbər verir ki, L. Nəcəfquliyeva bu etirazından sonra ona töhmət verildiyini deyib.
"3 dənəsi var idi, sonra elə oldu ki, biri uçdu. Onu ləğv elədilər, oldu 2 dənə. İkincisi də uçmağa başlamışdı, pis günə qalmışdı, onu da mənim söz-söhbətimdən sonra bir az əl gəzdirdilər, oldu 2. Mən əsəbiləşdim, şagirdlərə dedim, bu ayaqyolu artıq bərpa olunmalıdır da, yığışdıraq da bu söhbəti.
Haçana qədər uşaqların valideynləri yenidən onlara paltar gətirəcək ki, müəllimə, geyindir, dərsinə davam elə. Elə oldu, bu uşaq yenidən gəldi, valideynə zəng elədik ki, hörmətli valideyn, gəl, zəhmət olmasa, uşağı apar, amma tez qaytar. Niyə? Dedim, çünki narahatdı. Valideyn başa düşdü, gəldi. Elə oldu ki, o uşağa baxdım, narahat oldu, bu dedi ki, ay müəllim, mən getdim, qayıtdım. Niyə qayıtdın? Müəllim orda növbə çox idi, gedə bilmədim.
Ondan sonra da artq əsəbiləşdim, özümdən çıxdım, ağladım, video çəkiliş elədim. Çəkiliş zamanı orada bildirdim ki, mənim maaşımı kəssələr də, razıyam, təki, bu problem həll olunsun, sonra biz birlikdə qayıdarıq. Onlar da mənə töhmət verdilər ki, sən dərsdə olmadığın üçün, amma halbuki ərizə də yazmışdım. Ərizəni də ona görə yazdım ki, mən rayona getdim, bununla bağlı söhbət aparmağa", - Aranlı kənd orta məktəbinin müəllimi deyib.
O bildirib ki, 1970-ci illərdən istifadəyə verilmiş bu məktəbə hələ indiyə qədər bir mismar belə vurulmayıb: "Hər gün yeni problemlər üzə çıxır. Məktəbdə gördüyünüz ab-havanı, məktəb demək olarsa… Hamı bizim məktəbi görəndə xoşa gəlməyən ifadələr işlədir ki, sizin məktəb məktəb deyil.
Məktəbimizdə olan problemləri gördüyünüz kimi işıqlandırmışam, bu cüzi işıqlandırma idi. Əvvəlki videolarımda da bu göz qabağındadır. Bu gün gördüyünüz bu şəraitdə sinif yalnız bizim sinifdir. Bu da valideynlərin və mənim dəstəyimlədir. Digər sinif otaqları bundan da bərbad gündədir. İstilik sistemi demək olar ki, yoxdur. Şəraitsiz yerdə dərs keçdiyimiz üçün uşaqlarda tez-tez bu problemər yaranır və mən də qərara gəldim ki, bu yayılsın".
Məktəbin əlverişsiz şəraitindən şagirdlər də şikayətçidir.
Mil-Muğan regional təhsil idarəsinin müdir müavini Rabil Şahbazovun dediyinə görə, məktəbin təmiri yaxın zamanlarda planlaşdırılır.
O həmçinin deyir ki, Leyla Nəcəfquliyevaya məsələni ictimaişləşdirdiyinə görə töhmət verilməsi iddiaları əsassızdır.
L. Nəcəfquliyeva isə məktəbin problemləri həll olunana qədər susmayacağını deyir.