Məhkəmə korpusu yeni nəsil gənc hakimlər hesabına MÖHKƏMLƏNDİRİLİR

 12-01-2023

Ötən dövrdə 1200-dək hakimliyə namizədlərin şəffaf prosedurlarla seçimi keçirilib.

Bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, müasir İKT imkanlarından istifadə edilməklə hər bir namizədin sualları fərdi qaydada, kompüter vasitəsilə cavablandırması müəyyən olunub, sənədlərin qəbulu davamlı xarakter alıb.

Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin edilib. 300-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir. Hazırda onlardan 33 nəfəri imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında tədrisə cəlb edilib.

Tədris zamanı namizədlərə hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, Avropa Məhkəməsinin presedent hüququ, müasir İKT-lərdən istifadə bacarığı və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin onların xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmələri təşkil ediləcəkdir.

40 nəfər hakimliyə namizəd isə artıq həmin təlim mərhələsini müvəffəqiyyətlə başa vurublar. Məhkəmə-Hüquq Şurası tərəfindən bu namizədlərin hər biri ilə Qaydalara uyğun olaraq söhbətlər keçirilib və ixtisaslaşmaları aparılaraq münasib hakim vəzifələrinə təyin edilmələri üçün dövlət başçısına təkliflər verilib.

Ölkə Prezidentinin 12.01.2023-cü il tarixli Sərəncamı ilə həmin namizədlərin müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alması mövcud vakansiyaların komplektləşdirilməsinə xidmət etməklə, hakimlərin iş yükünün azalmasına, işlərə daha çevik və keyfiyyətlə baxılmasına əlavə rəvac verəcəkdir. 

Qeyd edilməlidir ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Təsadüfi deyil ki, hazırda hakimliyə namizədlərin tam əksərniyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar.

Ümumiyyətlə son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80%-i ötüb.

Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 50%-ə qədərini qadınlar təşkil edir.

Mənəvi saflığı, yüksək bilik və bacarığı ilə fərqlənən yeni nəsl hakimlər, o cümlədən qadınlar yuxarı məhkəmə instansiyalarına və rəhbər vəzifələrə irəli çəkilərək yüksək peşəkarlıq nümayiş etdirirlər.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıq və tövsiyələrinin icrası üzrə tədbirlər davam etdirilir.

Bənzər yazılar

0.19358205795288