Lerik rayonu Azərbaycanın ən səfalı rayonlarından biridir. Nadir ağacları, sərin bulaqları, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyanın yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də məhz elə bununla əlaqəlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır.
Muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir.
Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca stendlər yaradılıb.
Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyir ki, Lerikdə uzun ömür sürmüş insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çox olub. Dünyanın ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb.
Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.
Dilarə Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlar ona uzunömürlülüyün sirləri ilə bağlı çoxlu suallar verirlər: “Uzun ömür sürməyin əsas səbəbi rayonun çox gözəl təbiətə, dağ havasına, təmiz suya malik olmasıdır. Digər bir səbəb isə əlbəttə ki, genetika ilə bağlıdır. İnsanın daimi hərəkətdə olması da başlıca səbəblərdəndir. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar”.
Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olur:
“Yola saldığımız 2022-ci ildə muzeyi 1700-dən çox turist ziyarət edib. Onların 300-dən çoxu xarici turistlərdir. Gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri - pasportlar göstərilir”.
Uzunömürlülər Muzeyində təkcə yaşlı insanların şəkilləri nümayiş etdirilmir, burada onlara məxsus olan fotolar, etnoqrafik materiallar, yaşadıqları dövrə aid şəxsi əşyaları, əl işləri saxlanılır.
Qeyd edək ki, Lerikdə 168 il yaşamış Şirəli Müslümov Ginnesin Rekordlar Kitabına düşüb.