İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.
Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.
“Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb” - deyə qeyd olunub.
Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yeni açıqlama verib.
İdarədən Milletinsesi.info-a bildirilib ki, qeyd edilən məktəbdə üç sanitar qovşağı var:
"Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".
Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.