Ötən gecə Azərbaycan səmasında Ayın ətrafında müşahidə olunan nəhəng dairə - halə təbiət hadisəsi olub.
Bunu “Report”a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.
O bildirib ki, bu təbiət hadisəsi, əsasən, yanvar və fevral aylarında baş verir:
“Təbiət hadisəsi atmosferin yuxarı qatı, troposferdə olan buz kristallarında Günəş şüalarının əks etdirilməsi nəticəsində yaranan təsvirdir”.
S.Alışov əlavə edib ki, yanvarın 4-də başqa astronomik hadisə - Yer-Günəş qarşıdurması da baş verib:
“Belə ki, Bakı vaxtı ilə 20:17-də Yer Günəşdən 147 milyon 98 min 290 kilometr məsafədə olub”.
Qeyd edək ki, ötən gecə Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olunub və insanlar tərəfindən maraqla qarşılanıb.