Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub. Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib.
Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib.
İdarənin əməkdaşları hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Vətəndaşların diqqətinə çatdırılıb ki, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.
Abonentlərdən xahiş olunub ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxsin peyda olması ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, özünü su idarəsinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs Göygöl rayon sakini Rəfail Əsgərovdur.
“Həmin şəxs ötən ilin sentyabr ayında da eyni qanunsuz əməllərə yol verdiyi üçün paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək barəsində toplanan materiallar məhkəməyə təqdim edilmişdi.
Məhkəmənin qərarı ilə R.Əsgərov həmin vaxt iki ay müddətinə inzibati qaydada həbs edilmişdi. Görünür, o, təyin edilən cəzadan islah olmayaraq azadlığa çıxdıqdan sonra yenidən eyni qanunazid əməllərini təkrar həyata keçirməyə başlayıb”.
“Amma bir məqamı da vurğulayım ki, R.Əsgərovun sonuncu qanunsuz əməlləri ilə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə və ya ərazi üzrə digər polis orqanlarına hələlik rəsmi şikayət ərizəsi ilə müraciət edən olmayıb. Müraciət olunacağı təqdirdə əmin ola bilərsiniz ki, həmin şəxs qısa zamanda saxlanılaraq yenidən məsuliyyətə cəlb olunacaq”, - deyə Anar Qafarov bildirib.