“Qərbi azərbaycanlıların yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirik”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev dekabrın 24-də - özünün doğum günündə - qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdacaqları günlə bağlı mesajlarını verdi.
Deputatın sözlərinə görə, insanlar, adətən, öz ad günlərini yaxınları ilə dar çərçivədə qeyd edirlər:
“Lakin biz Prezident İlham Əliyev nümunəsində uzun illərdir fərqli yanaşmanı müşahidə edirik. Prezident əvvəlki illərdə öz ad günlərini qaçqın və məcburi köçkünlərlə, ötən il Şuşada - Cıdır düzündə keçirib. Bu il isə o, doğum gününü qərbi azərbaycanlılar üçün yeni yaradılmış qərargahda onlarla birgə qeyd edib və ictimaiyyətlə öz fikirlərini bölüşüb”.
Ölkə başçısının çıxışı zamanı nitqində bir çox məsələlərə toxunduğunu qeyd edən deputat xatırladıb ki, sözügedən bina Qarabağ İcmasına məxsus olub, bu gün isə həmin bina Qərbi Azərbaycan İcmasına təqdim edilib:
“Dövlət başçısının bu binanın açılışında iştirakı tarixi və rəmzi məna daşıyır. Belə ki, Prezident 2010-cu ildə bir ay öncə Qarabağ İcmasına məxsus binanın açılışında da özü şəxsən iştirak etmişdi. Ozamankı çıxışında da vurğuladığı kimi, bu bina müvəqqəti bir qərargahdır və Azərbaycan xalqı artıq Qərbi Azərbaycana qayıtmaq üçün hazırlaşır. Bu istiqamətdə də müəyyən addımlar atılır”.
“Prezident İlham Əliyev illər öncə Qarabağdan olan insanları ədalətsizliyə son qoyularaq öz torpaqlarına qayıdacaqları ilə bağlı əmin etmişdisə, bu gün qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdacaqları günlə bağlı mesajlarını verdi. Bütün bunlar eyni zamanda ölkə başçısının hər bir azərbaycanlını narahat edən, düşündürən məsələlərə nə dərəcədə həssas yanaşdığının göstərcisidir. Əminik ki, Qarabağa insanlarımızın qayıdışının təmin edilməsi kimi, tezliklə Qərbi Azərbaycandan olan vətəndaşlarımız da öz yurdlarına qayıdacaqlar. Burada onlar üçün dövlət tərəfindən hər cür şərait yaradılacaq. Biz həmin günü səbirsizliklə gözləyirik. Prezident İlham Əliyevin məhz öz ad gününü qərbi azərbaycanlılarla qeyd etməsi həmin hədəfə yönəlmiş bir addımdır”, - C.Məmmədov vurğulayıb.