Qaradağda təhlükəli binaya sahib çıxan QURUM YOXDUR - VİDEO

 27-12-2022

Qaradağ rayonu Səngəçal qəsəbəsi Dəmiryolçular küçəsində yerləşən binalardan birində demək olar ki hər kəsin evində qaz balonu var. Səbəb isə bu binaya 18 ildir qazın verilməməsidir. 

Sakinlərin sözlərinə görə, binaya qazın verilməməsi səbəbindən isinmək üçün qızdırıcılardan istifadə etmək məcburiyyətində qalırlar. Bu da onlara baha başa gəlir.

Sakinlərin şikayəti ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qaydalar yataqxana tipli binaların qazlaşmasına imkan vermir. Çünki bu binalar inşa edildikdə müəyyən parametrlər nəzərə alınmır.

Qeyd edək ki, binanın sakinləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarətdir. Mənzillər onlara 2004-cü ildən etibarən təqdim edilib. 

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina ADY QSC tərəfindən tikilsə də, hazırda onların balansında deyil. Bununla belə, icra hakimiyyəti binanın təbii qazla təmin olunması məqsədilə həm “Azəriqaz”a, həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə məktub göndərib. Amma məktub hələ də cavabsız qalıb. 

Fövqəladə Hallar Nazirliyindən isə təhlükəli vəziyyətlə bağlı bildirilib ki, bina hansı qurumun balansındadırsa, tədbiri də o qurum görməlidir.

Bənzər yazılar

0.44672894477844