Emin Əmrullayev: "Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir"

 22-12-2022

"Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır".

Report.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: "Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur".

E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: "Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır".

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.

Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb: “2013-cü ildə “həyatda uğurlu olmaq üçün nə vacibdir” deyə sorğu keçirmişdik. Həmin ildə top 3 cavabda təhsil yox idi. Hesab edirdilər ki, bəxtləri, qohumları, pulları olmalıdır. Dördüncü yerdə təhsil gəlirdi. Ondan sonra belə sorğu keçirməmişik. 2023-cü ildə, 10 ildən sonra bunu edərik və görərik ki, insanların fikirləri bu istiqamətdə necə dəyişib.

Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsil yox, bəxt, qohum və ya pul olmalıdır? Cəmiyyət həmişə səmimidir. Məsələn, görüblər ki, o, sinifdə yaxşı oxusa da, onun sinif yoldaşı yaxşı qohumuna görə yaxşı işlə təmin olunub, o isə yox. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və digər təhsillə bağlı olmayan amillər işəgötürmədə rol oynayıb. İş yeri defisitdirsə, keçid dövründə belə praktika olub deyə cəmiyyət belə düşünür. Bu cəmiyyətimizdə olan meritokratik yanaşmaya keçdikcə, ən bacarıqlılar, ən təhsillilərin rifah səviyyəsi yuxarı olduqca, gələn nəsil də fərqli düşünməyə başlayacaq. Məsələn, “Yüksəliş Müsabiqəsi”nin keçirilməsi də buna xidmət edir. Biz gənclərə həyatda uğurlu olmağın başqa nümunələrini göstərməliyik. Bu halda təhsil sorğularda 4-cü yerdən 3-ə, 3-dən 2-yə və nəhayət, 1-ci yerə düşəcək”.

Bənzər yazılar

2.0887200832367