Sosial həssas ailələrdən olan istedadlı gənclərin təhsil haqqı xərcinin qarşılanması üzrə Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.
Milletinsesi.info xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən görüşdə Elm və Təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri və onların valideynləri iştirak edib.
Tədbirdə çıxış edənlər qalib gələn gəncləri təbrik edərək, ölkədə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsinin vacibliyini və eləcə də gənclərin yeni cağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində gənclərin savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlət başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir.
Tədbirdə qalib gənclərin təbrik və təəssürat videoları, infoqrafik videolar nümayiş edilib və qaliblərlə müqavilələr imzalanıb.
Qeyd edək ki, 2022-ci ildə keçirilən müsabiqə nəticəsində 431 gəncin təhsil haqqının Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilmişdir. Bununla da, son 4 ildə müsabiqə çərçivəsində təhsil xərcləri qarşılanmış tələbələrin sayı 1621 nəfərə çatmışdır. Seçimlər zamanı müraciətçinin sosial həssas kateqoriyaya aid olmasını təsdiq edən sənədlərlə yanaşı, təhsil göstəriciləri və ictimai fəallığı da əsas götürülmüşdür. Qaliblər sırasında yüksək təhsil göstəriciləri olan Vətən Müharibəsi qaziləri, veteran övladları, valideynlərini itirmiş və valideynləri əlil olan gənclər də yer almışlar.
Nəticələr barədə Fondun rəsmi internet səhifəsi ilə (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqi vasitəsi ilə məlumat əldə edə bilərsiniz.