QİÇS-ə yoluxan narkotik istifadəçiləri xəstəlikdən QURTULA BİLMİRLƏR

 10-12-2022

“Qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) yoluxma daha çox narkotik istifadəçiləri arasında rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir.

Maraqlıdır, bu günə qədər neçə narkotik istifadəçisi bu xəstəliyə yoluxub? QİÇS-ə niyə 25-49 yaş kateqoriyasında daha çox rast gəlinir? Yoluxmamaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Milletinsesi.info-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, QİÇS, əsasən, cinsi əlaqə ilə ötürülür:

“QİÇS - xəstəliyin son mərhələsidir. Burada sağalma ehtimalı aşağı olur. Əsas məqsəd son mərhələyə gəlməmək üçün müalicə olunmaqdır. Xəstəliyin əsas yoluxma yolu cinsi əlaqədir. İkinci isə venadaxili iynələrdən istifadədir. Hepatitlər də bu yolla keçirlər. Həmçinin xəstəlik anadan dölə ötürülə bilər”.

M.Əliyev qeyd edib ki, əvvəllər QİÇS-ə daha çox narkomanlar arasında rast gəlmək mümkün idi:

“İndi cinsi əlaqə ilə yoluxma daha çoxdur. Mərkəzdə doqquz mindən çox qeydiyyatda olan var. Hələ bu, qeydiyyatda olanların sayıdır. Onların yarıdan çoxu narkoman deyil. Bu onu göstərir ki, yoluxma tək narkotik istifadəçiləri arasında yox, cinsi əlaqə ilə mövcuddur. Daha çox kişilər arasında rast gəlinir. Qadınlar arasında da bu xəstəlikdən əziyyət çəkənlər var. 25-49 yaş kateqoriyası cinsi aktiv yaş dövrüdür. Ona görə həmin yaş kateqoriyası göstərilib”.

Terapevt Sübhan Hacıyev yoluxmamaq üçün şəxsi gigiyenaya son dərəcə diqqət edilməsinin vacibliyindən danışıb:

“Narkotik aludəçilərinin əksəriyyəti ən primitiv şəxsi gigiyena qaydalarına belə, riayət etmədikləri üçün nəinki QİÇS, eləcə də digər infeksion (məsələn, hepatit B, C) xəstəliklərə asanlıqla yoluxa bilirlər.

Bu onunla izah olunur ki, bu tip insanlar vena daxilinə narkotik maddələr yeridən zaman eyni şprislərdən dəfələrlə istifadə edirlər. Nəticədə, bir QİÇS və ya digər yoluxucu infeksiya daşıyıcısı olan şəxsin qanıyla təmasda olmuş iynə sağlam insanın damarına girdikdə onu asanlıqla yoluxdurmuş olur”.

Narkoloq Asif Kəngərli narkomaniyadan əziyyət çəkənlərin QİÇS-i ağır keçirdiklərini qeyd edib:

“Narkotik maddə qəbul edənlərdə immunitet xeyli azalır. İmmuniteti aşağı olan şəxslərin də xəstələnmə ehtimalı daha çoxdur. Ona görə də virusa daha tez yoluxurlar. Xəstəliyi də ağır keçirirlər. Məntiq bunu deyir. QİÇS sağalmaz xəstəlikdir. Narkotik istifadəçiləri yoluxduqda ölümlə qarşılaşırlar. Çünki müalicə oluna bilmirlər”.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadənin sözlərinə görə, QİÇS-ə yoluxanların 65-70 faizi inyeksion narkotik istifadəçiləridir:

“Ümumi olaraq 1987-ci ildən bu günə, 2022-ci ilin ilk 10 ayını da nəzərə alsaq, 8 500 nəfər Azərbaycan vətəndaşı insan immunçatışmazlığı virusuna (İİV) yoluxub və hazırda xəstəliklə yaşayır. Bir dövr var idi ki, daha çox yoluxma inyeksion narkotik istifadəçiləri tərəfindən müşahidə olunurdu. İndi isə yoluxma heteroseksual yolla gedir”.

S.Babazadə qeyd edib ki, qadın hamiləlikdə QİÇS-ə yoluxubsa, vaxtında müalicə olunsa, dünyaya sağlam övlad gətirə bilər:

“25-49 yaş kateqoriyası insanın ən reproduktiv dövrüdür. Bu yaşda xanımlar yoluxan zaman təhlükə yaranır. Hamiləlik dövründə qadın virusu uşağa ötürə bilər. Xanımın xəstəliyini erkən dövrdə aşkarladıqda yoluxmanın qarşısını ala bilirik.

QİÇS-dən sağalmaq mümkün deyil. İİV-in qanda yuyulması, təmizlənməsi prosesi yoxdur. Müalicə edirik. O da insanın qanında virus yükünü azaldır. QİÇS mərhələsinə gec halda çatır. Düzgün, vaxtında dərman qəbul olunarsa, İİV yükü 0 dərəcəyədək enir. İnsanın səhhətində heç bir problem yaranmadan həyatına davam edir. Narkotik istifadəçiləri isə xəstəliyi daha ağır keçirirlər”.

Səbinə Babazadə əlavə edib ki, narkotik istifadəçilərin vəziyyətinin sonradan ağırlaşma riski də çoxdur:

“Bizim əsas tələbimiz odur ki, dövlət hesabına verilmiş dərman düzgün qəbul olunsun. O zaman ağırlaşma olmur. Dərman qəbul etməyən inyeksiyon narkotik istifadəçilərində ağırlaşma riski çoxdur.

Hər bir insan özünü qoruya bilər. İİV infeksiyası haqqında məlumatı olan adam bir gözəllik salonuna gedirsə, istifadə edilən alətin sterilliyinə əmin olmalıdır. Yəni bunu tələb etmək hüququ var. Tibbi, kosmetoloji alətlər steril olmalıdır. Xəstəlik hava-damcı yolu ilə keçmir. Məişət zəminində də keçmir. QİÇS xəstələrinin görünüşü sağlam insandan seçilmir. Sadəcə, onların qanında virus var”.

İnfeksionist Nicat Əzimli isə əlavə edib ki, qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlara da diqqət yetirilməlidir:

“Bu xəstəliyin insandan insana ötürülməsi cinsi mayelər və qan vasitəsilə baş verir. Xüsusilə çox sayda cinsi partnyoru olan şəxslər qorunmadan vaginal və ya anal cinsi əlaqədə olduqlarında onlar üçün real təhlükə yaranır.

Əlavə olaraq qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlarda sanitariya qaydalarına riayət olunmaması halında (stomatoloji, cərrahi, inyeksion və s.), kosmetoloji prosedurlar zamanı (manikür, pedikür alətləri və s.) və narkotik maddələrin başqa şəxsin istifadə etdiyi şprislərlə damara inyeksiyası ilə də insan yoluxa bilər. Bəzi hallarda isə xəstə şəxsdə istifadə olunmuş iynənin təsadüfən digər insanın dərisinə batması ilə yoluxmalar qeydə alınır”.

Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Zamin Əliyev inyeksiya yolu ilə narkotik maddə qəbul edən şəxslərin daha çox bu virusa yoluxduqlarını söyləyib:

“Abstinent vəziyyətində (bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya - red.) olan şəxs inyeksiya yoluyla narkotik maddə qəbul edirsə, o bu halda yeni şpris axtarmır və adətən, təkrarən eyni şprisdən, hətta digər şəxsin şprisindən istifadə edir. Bununla yanaşı, bir qabda hazırlanmış narkotik maddəni bir neçə şəxs təkrar istifadə olunmuş şpris vasitəsi ilə bölüşərsə, bu halda İİV-ə yoluxmaq təhlükəsi ilə üzləşir. Bu baxımdan QİÇS-ə narkotik maddə qəbulediciləri daha çox yoluxurlar”.

Nəzrin Vahid

Bənzər yazılar

0.44108510017395