Xətai rayonu, Sarayevo küçəsindəki zibil konteynerlərini köçürüb yerində KAFE TİKİBLƏR - FOTO/VİDEO

 30-11-2022

Xətai rayonu, Sarayevo küçəsindəki zibil konteynerlərini köçürüb yerində kafe tikiblər.

Milletinsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, prosesi həyata keçirmək üçün ərazidəki bir neçə ağac da kəsilib. Hazırda yeni obyektlə bağlı işlər tamamlanmaq üzrədir.  

Xatırladaq ki, təxminən bir ay əvvəl tikinti işlərinə hazırlıq görülərkən proses ictimailəşdirildi.

Sonradan isə tikintini icra etdirən şəxs ARB TV-yə danışaraq sahibkar olduğunu və burada kafe yox, məişət tullantılarının kənardan idarə olunan toplanma məntəqəsinin inşa edilməsinin planlaşdırıldığını deyib. Sözügedən şəxs tikinti üçün icra hakimiyyətindən icazə alınsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmədiyi üçün işin müvəqqəti dayandırıldığını qeyd edib. Hadisədən dərhal sonra nazirlikdən diqqətə çatdırıldı ki, yaşıllıq zolağına kənardan müdaxilə olunubsa, həmin şəxslər tapılaraq məsuliyyətə cəlb olunacaq.

Xətai rayonu, Sarayevo küçəsində obyekt tikdirmək üçün ərazidə bir neçə ağacın kəsildiyinə dair məlumat təkzib edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Milletinsesi.info-a açıqlamasında bildirib ki, tikinti üçün ayrılmış sözügedən ərazidə ağac kəsintisi faktı qeydə alınmayıb: “Xətai rayonu, Sarayevo küçəsi, 7 saylı binanın yaxınlığındakı ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib, aerokosmik görüntülər əsasında dəqiqləşdirmələr aparılıb və sözügedən ərazidə ağacların kəsilmədiyi müəyyən edilib”.

Bu gün isə ərazidə ictimai iaşə obyektinin inşa edildiyi müşahidə olunur. 

Bənzər yazılar

0.44736003875732