Rövşən Tağıyev: “Şəhərdaxili yollarda sürət həddinin endirilməsi effektiv ola bilər”

 30-11-2022

“Əvvəllər yüksək sürətin tıxacı aradan qaldırmağa xidmət etdiyinə inanılırdı. Lakin bu gün ekspertlər düşünürlər ki, sürətin endirilməsi yollarda stabil ötürücülüyün bərpası üçün ən optimal çıxış yoludur”.

Milletinsesi.info xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

O bildirib ki, buna misal olaraq Finlandiyanı nümunə gətirə bilərik:

“Finlandiyanın Oslo şəhəri təhlükəsizliyi ilə tanınır. İstər orada, istərsə də Avropanın digər şəhərlərində şəhərdaxili sürət həddi 30-50 km/saat təyin edilib. Yol hərəkəti təhlükəsizliyi baxımından bu təcrübə tətbiq edilir və müsbət effekti də görülür. Bu səbəbdən düşünürəm ki, bu təcrübənin Bakı yollarında tətbiq edilməsi tıxacların azalmasına xidmət edə bilər.

Sürət həddinin endirilməsi tətbiq edilən ölkələrdə piyadavurmaların sayı kifayət qədər azdır. Bakıda yol-nəqliyyat hadisələrinin 63 faizini piyadavurmalar təşkil edir. Düşünürəm ki, şəhərdaxili yollarda sürət həddinin endirilməsi praktikası müsbət nəticə verə bilər.

Tıxaclar yalnız bizim ölkədə deyil, bir çox ölkələrin, iri şəhərlərin ciddi probleminə çevrilib. Fərqli ölkələrdən olan nümayəndələrin, ekspertlərin iştirakı ilə keçirilən konfranslarda tıxacların son dövrdə artmasına səbəb kimi pandemiya xüsusi vurğulanıb”.

R.Tağıyev qeyd edib ki, bir çox ekspertlər tıxacın yaranmasının və artmasının səbəbi kimi pandemiya dövründə insanların ictimai nəqliyyatdan istifadədən qorxduqları üçün maşın almalarını irəli sürüblər:

“Şəxsi nəqliyyat vasitəsinə üstünlük verildiyi üçün ölkədə avtomobillərin sayı artır və yollarda yüklənmə gedir. Bu problem tək bizdə deyil, bütün inkişaf etmiş ölkələrdə mövcuddur. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası yaradılıb və problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Təbii ki, daha yeni tədbirlərin də görülməsi nəzərdə tutulur. Həmin tədbirlərdən biri artıq tətbiq edilir. Bu, yük maşınlarının günün müəyyən saatlarında şəhərə girişinin məhdudlaşdırılmasıdır ki, bu da tıxacların azalmasına müsbət təsir edib deyə bilərik”.

Bənzər yazılar

0.20583701133728