Artıq Abşeron rayonuna yeni icra başçısı Abdin Fərzəliyev təyin olunandan sonra tikinti işləri də bərpa olunduğu bildirilir.
Mediada qeyd edilən məlumatlarda bildirlir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib.
Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir.Belə ki, Abşeron rayonunda aparılan tikinti işlərinə görə bundan sonra ən endirimli qiymət 3000 manat tələb olunacağı bildirilir.
Hansı ki, bir müddət öncə Abşerona icra başçısı təyin olunan Abdin Fərzəliyevin ilk qərarı rayonda aparılan qanunsuz tikintilərin dayandırılması idi.
Xəbəral.az- ın araşdırmasından məlum olur ki, icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənov artıq iş başındadır və başçını razı salmağa müvəffəq olub.Abşeron rayonunda Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan aparılan tikintilərin qarşısını almaq mümkünsüz görünür.
Necə deyirlər?! “Keçəl halva yeyər puluna minnət”.
Abdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi.İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq.Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar.
Xəbəral.az-a daxil olan məlumatda Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. nşaat sahəsində çalışanlar isə İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımının dayandığını ehtimal edirlər.
Artıq Abşeron rayonunda hər işin öz qiyməti var.Bu qiymətləri rayonda tənzimləyən yeganə adam icra başçısının ən yaxın adamı Nurlan Həsənovdur.
Xatırladaq ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib.
Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarət olacaq.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Mənbə Xəbəral.az