Emin Musəvi: “Həkim olub, xəstələrdən rüşvət almaq istəmirdim” 

 26-11-2022

“Məktəbdə“ tanınmış televiziya və radio aparıcısı, “Asan Radio”nun direktoru Emin Musəvini məzunu olduğu 46 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüşdürdü: “Məktəb illəri mənim üçün həmişə əziz olub. Hətta 1-ci sinfə getdiyim ilk günün həyəcanı da yadımdadır”.

“Kaspi” görüş barədə yazı dərc edib:

İllər öncə məzunu olduğu məktəbdə görüş onun üçün də nostalji oldu. Ona dərs deyən müəllimlər, xatirələrin silinmədiyi sinif otaqları, doğma dəhlizlər... Dəyişən isə təkcə zamandır. Bakı Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə“ tanınmış televiziya və radio aparıcısı, “Asan Radio”nun direktoru Emin Musəvini məzunu olduğu 46 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüşdürdü.

Məktəbin özünəməxsus ənənəsi...

Emin Musəvi oxuduğu məktəbdə qonaq kimi dəvət olunmasından məmnunluğunu ifadə etdi: “Məktəb illəri mənim üçün həmişə əziz olub. Hətta 1-ci sinfə getdiyim ilk günün həyəcanı da yadımdadır. Əvvəlcə 47 nömrəli məktəbdə oxudum. 7-ci sinifdə oxuyanda  46 nömrəli məktəbdə təhsil almağa başladım. Orta məktəbi bu təhsil ocağında bitirdim. İndi bu məktəbdə mənə vaxtilə dərs verən müəllimlər çalışır.

Onların bəziləri təqaüdə çıxıb, bəziləri dünyalarını dəyişib, bəziləri ölkədən köçüb. O zaman bu məktəb çoxmillətli məktəb idi. Burada ruslar, yəhudilər, ermənilər oxuyurdu. Məktəb özünəməxsus ənənəsi ilə fərqlənirdi. Bu məktəbdə bizim müstəqil qərar vermək vərdişimiz də yarandı. Buna görə müəllimlərimə minnətdaram. Çünki bu xüsusiyyət bu gün də köməyimə çatır. Biz bir-birimizə baxıb yaxşı oxumaq üçün yarışırdıq. Hamımız əlaçı olmağa çalışırdıq. Oxuduğum illəri, sinif yoldaşlarımı, sevimli müəllimlərimi həmişə böyük sevgi ilə xatırlayıram”.

“Valideynlərimin təsiri altında qərar verərək...” 

Şagirdlər E.Musəvinin radio və televiziyanı özünə peşə seçməsinin səbəbi ilə maraqlandılar: “Valideynlərimin təsiri altında qərar verərək Tibb Universitetinin Pediatriya fakültəsində psixiatr ixtisasına yiyələndim. Amma məni daha çox ictimai işlər, jurnalistika, hüquq, beynəlxalq siyasət maraqlandırırdı.

Valideynlərim isə “Həkim olmaq şərəfli işdir” deyə israr edirdilər. Onların istəyi ilə Tibb Universitetini bitirdim. Amma sonra öz arzumun ardınca getməyi qərara aldım. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politologiya ixtisası üzrə bitirdim”. Qonaq media sahəsinə gəldiyi illəri xatırladı:

“Elə bir iş arzulayırdım ki, həm maddi, həm mənəvi baxımdan rahat olum. Məsələn, həkim olub, az maaşla işləmək, xəstələrdən rüşvət almaq istəmirdim. Mənə rahatlıq gətirən belə yer radio oldu. ANS ÇM radiosunda aparıcı kimi işə başladım. Radionun abı-havası başqa idi. Müasir fikirli, gənc insanlarla işləyirdim, normal maaş alırdım. Gəncliyimiz orada keçdi. Onda 21 yaşım vardı. Sonra 106 FM radiosunda direktor vəzifəsində çalışdım. Hərbi xidmətdən qayıdandan sonra Space TV-də aparıcı, “Azad Azərbaycan” radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətimi davam etdirdim. Eyni zamanda “Azad Azərbaycan Televiziyası”nda aparıcı və müəllif kimi çalışdım. Bu gün də fəaliyyətimi radioda davam etdirirəm. Qərarıma təsir edən insanlar arasında bəzi ictimai xadimlər və jurnalistlər olub. Onların arasında Milli Qəhrəman Çingiz Mustafayev, Rafiq Hüseynov, Nərgiz Cəlilovanın adlarını çəkərdim”.

Maraqlı və yaddaqalan insanlar

“İş həyatınız sizi müxtəlif məşhur insanlarla görüşdürüb. Ən çox yadınızda qalan kimlərdir?” sualını cavablandıran E.Musəvi radioda ilk qonağının tanınmış müğənni Akif İslamzadə olmasından qürurla danışdı: “1997-ci ildə tanınmış estrada müğənnisi Akif İslamzadə ilk qonağım oldu. Həmin vaxt populyar müğənni idi. Onunla görüş maraqlı oldu və mənə çox təsir etdi. Daha sonra məşhur televiziya aparıcısı Rafiq Hüseynovla görüş maraqlı idi. Televiziyada aparıcısı olduğum “Qeyri rəsmi” verilişi üçün Moskvada Polad Bülbüloğlunu çəkdik. Onu hamı tanıyırdı, amma heç kəs qeyri-rəsmi formatda görməmişdi. İlk dəfə onun uşaqları haqqında bizim veriliş efirə getdi. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri - İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls və b. görkəmli sənətçilərdən və ictimai xadimlərdən müsahibələr aldım”.

Uğurun dəqiq formulu yoxdur

“Sizin təhsil aldığınız dövrlə bu gün təhsil alan gənclərin dövrü arasında hansı fərq var? Gənclərin uğurlu olması, həyatda istədikləri peşələrə yiyələnmələri üçün onlara hansı məsləhətləri verərdiniz?” sualına cavab uşaqlar üçün motivasiyaedici oldu: “Biz bir ölkədə məktəbdə oxumağa başladıq. Başqa - müstəqil bir ölkədə təhsilimizi başa vurduq. O vaxtdan çox şey dəyişib. Amma tərbiyə, ailə əxlaqı kimi dəyişməyən mənəvi dəyərlər var. Müasir gənclik bizlə müqayisədə daha çevik, daha məlumatlıdır. Bu gün informasiya əldə etmək asandır. Gənclərin əlində bizim dövrümüzdən fərqli olaraq texnoloji alətlər var. Ancaq siz bu cihazlardan daha çox fayda götürmək üçün istifadə etməlisiniz. Sizin daha keyfiyyətli təhsil almaq üçün şansınız çoxdur. Biz oxuyan illərdə Rusiyada, Ukraynada təhsil almağa can atırdıq. Bu gün isə Amerika, İngiltərə kimi ölkələrdə gənclər üçün təhsil əlçatandır. Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə dünyanın top universitetlərində oxumaq şansınız var. Bu şanslarınızı ağıl, məntiq və böyüklərin məsləhəti ilə dəyərləndirməli, seçiminizi müəyyənləşdirməlisiniz. Uğurun dəqiq formulu yoxdur. Özünüz öz bacarığınıza bələd olmalı, daxili səsinizi dinləməlisiniz. Daha vətənpərvər, güclü, tolerant olmalı, müasir biliklərə yiyələnməli, bizim səhvlərimizi təkrar etməməlisiniz. Onda daha çox uğur qazanmış olarsınız”.

Öncə Ana dilinizi öyrənin

E.Musəvi müasir dövrdə uşaqların xarici dil öyrənmə maraqlarını təqdir etdi: “Bizim dövrdə ingilis dilində səlis danışmaq bacarığı az qala sensasiya sayılırdı. Amma indi uşaqlar hamısı lap kiçik yaşdan müxtəlif dillərə yiyələnir, özlərini inkişaf etdirirlər. Bu, dünyaya çıxmaq üçün gözəl imkandır. Ancaq ilk növbədə Ana dilimizi yaxşı bilməliyik. Hər millət öncə öz xalqını, dilini sevən vətəndaşlara hörmət edir”.

“Jurnalistikanı seçmək istəyən gənclərə məsləhətiniz?” sualının cavabı bu sahə ilə maraqlanan gənclər üçün tövsiyəedici oldu: “Jurnalistika gəlirli peşə deyil. Mən hazırda filmlər, sosial çarxlar çəkirəm, reklam məsələləri ilə intensiv məşğul oluram. Bu sahədə insaflı və peşəkar olmaq lazımdır. İnformasiya ilə həssas davranmalı, hər oxuduğunuz, izlədiyiniz xəbərə inanmamalısınız. Bu, media, kommunikasiya savadlılığıdır. Bu tələblərə yiyələnmədən bu sahədə uğur qazanmaq çətindir”.

“Televiziyaya qayıdıb tamaşaçıları sevindirmək fikriniz yoxdur?” sualına qonaq məmnunluqla cavab verdi: “Mən “ASAN Radio”da işləyirəm. Düzdür, televiziyadan bir az aralanmışam. İndi daha çox idarəçiliklə məşğulam. Adı “ASAN” olsa da, işimiz çətindir.

Futbol fanatı deyiləm

“Futbolu sevirsiniz? Argentina yığmasının Səudiyyə Ərəbistanına uduzması geniş müzakirələrə səbəb olub. Siz də təəccüb içərisindəsiniz?” sualına qonağın cavabı maraqlı səsləndi: “Kim deyir ki, həmişə Argentina və ya Braziliya qalib gəlməlidir? Nə üçün Səudiyyə Ərəbistanı və ya başqa komandalar onlara qalib gələ bilməz? Bu ondan xəbər verir ki, dünyada hər şey ola bilər. İdmanın cazibəsi də budur. Ancaq inanıram ki, favorit komandalar yenə özlərini nizama salacaqlar. Mənə gəlincə, futbol fanatı deyiləm. Amma dünya və Avropa çempionatlarını və “Qarabağ”ın oyunlarını izləyirəm. Hətta Fransada keçirilən futbol üzrə Avropa çempionatının finalını stadionda izləmişəm. Gənclikdə Argentina komandasına azarkeşlik edirdim. Onda Maradona oynayırdı. Sonra Almaniya millisinə azarkeşlik etməyə başladım. Almanların oyunu proqramlaşmış şəkildə qurulur. İtalyanları isə hamımız sevirik. Çünki onlar bizə emosiyaları ilə yaxındırlar”.  

Bənzər yazılar

0.34052515029907