Vahid Hacıyev: “Gələn il Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”

 21-11-2022

“Gələn ilin ortalarında, bəlkə də ondan da tez Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”.

APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Zəngilan şəhərinin də layihələndirmə işləri başa çatıb: “Gələn il Zəngilanda da tikinti işləri başlayacaq. Ümumiyyətlə, gələn ildən bir sıra inzibati binaların tikilməsi kimi böyük layihələr həyata keçiriləcək.

Zəngilan rayonunun Ağalı kəndində - “Ağıllı kənd”də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istehsal sahəsi yaradılıb, işləmək qabiliyyəti olan əksər şəxslərin məşğulluğu təmin edilib”.

O bildirib ki, “Ağıllı kənd”də ümumilikdə 210 evin tikintisi nəzərdə tutulub: “Artıq 87 evin tikintisi başa çatıb, 113 evin tikintisi isə davam etdirilir. Dekabrda növbəti qrup sakin kəndə köçəcək”.

Bundan başqa, onun sözlərinə görə, hazırda Ağalıda internetin ən aşağı sürəti 100 mb/s-dir, bəzən isə sürət 400 mb/s-yə çatır: “Ağalıda tez-tez ağacəkmə aksiyaları həyata keçirilir və bu günə qədər kənddə azı 10 min ağac əkilib”, - V.Hacıyev əlavə edib.

Bənzər yazılar

0.30550694465637