İnterpol Bakıda doğulmuş afrikalı milyarderin həbsi üçün ORDER VERİB

 21-11-2022

İnterpol Anqolanın keçmiş prezidentinin qızı İzabel duş Santuşun həbsi üçün beynəlxalq order verib.

Order Anqola prokurorlarının agentlikdən onun yerinin tapılması, həbs edilməsi və ekstradisiyası tələbindən sonra verilib.

49 yaşlı Duş Santuşun mənimsəmə, fırıldaqçılıq, nüfuz ticarəti və çirkli pulların yuyulması kimi müxtəlif cinayətlərə görə axtarışda olduğu bilinir.

O da məlumdur ki, Duş Santuş vaxtının çox hissəsini BƏƏ-də keçirir və bu ölkənin vətəndaşlığına malikdir. Santuş Portuqaliya və Böyük Britaniyaya tez-tez işgüzar səfərlərdə edir.

Qeyd edək ki, İzabelin atası Xose Eduardo duş Santuş 38 il - 1979-cu ildən 2017-ci ilə kimi Anqolanın prezidenti olub. 1963-1969-cu illərdə o, Bakıda Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. Təhsil aldığı müddətdə Rusiya əsilli Tatyana Kukanova ilə tanış olub və 1966-cı ildə onunla ailə qurub. Bakıda yaşadıqları müddətdə bu nikahdan qızları İzabel dünyaya gəlib.

2013-cü ildə “Forbes” İzabeli Afrikanın ən varlı qadını adlandırıb və onun sərvətini 3,5 milyard dollar dəyərində qiymətləndirib. Nəşrin məlumatına görə, 2020-ci ilin ortalarında bu məbləğ 1,4 milyard dollaradək azalıb. 2021-ci ilin yanvarında jurnal onu siyahısından çıxarıb. Bu, duş Santuşun 2019-cu və 2020-ci illərdə Anqola və Portuqaliyadakı aktivlərinin ona qarşı açılan cinayət işlərinin bir hissəsi olaraq dondurulması səbəbindən baş verib.

Mənbə: socportal.info

Bənzər yazılar

0.14746689796448