ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı bildirib ki, artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtıdır.
O, bildirib ki, Minsk qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir:
“Azərbaycan bəyan edib ki, Minsk qrupu ilə işləməyəcək... Hesab edirəm ki, bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Filip Rikerin açıqlamasını Milletinsesi.info-a şərh edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu fikri söyləyib:
“Prezident ATƏT-in Minsk qrupunun fəaliyyətdə olduğu dövrdə belə Qarabağ məsələsinin həlli üçün heç bir iş görmədiyini beynəlxalq ictimaiyyətə çatdırıb. Bununla belə Ermənistan var gücü ilə bu mexanizmə yenidən nəfəs verməyə çalışır. Mənfur düşmən Qarabağ məsələsinin süni surətdə Azərbaycan-Ermənistan münasibətlərinin gündəliyinə salmağa çalışırdı. Son hadisələr göstərdi ki, ATƏT-in Minsk qrupu artıq yoxdur. ABŞ rəsmisinin belə bir çıxışı ona üzv olan ölkələrin də Minsk qrupu mexanizminin fəaliyyətsiz olduğunun etirafı idi”.
Deputat qeyd edib ki, bu gün məsələlər Azərbaycanla Ermənistan arasında birbaşa təmasda həll olunmalıdır:
“Azərbaycan Ermənistanla normal qonşuluq münasibətlərinin olması üçün daim səy göstərir. Ermənistanın siyasətində isə ziddiyyətli addımlar və bəyanatlar çoxluq təşkil edir. Azərbaycan ümid edir ki, problemi həll etmək mümkündür. Cənubi Qafqaz “Sülh evi”nin yaradılmasında hər bir kəs öz töhfəsini verməlidir. Dünya siyasətində söz sahibi olan ölkələrin bu məsələyə yaxından dəstək verməsi arzuolunandır”.