Vəkillərin təntənəli təltifetmə mərasimi KEÇİRİLİB

 18-11-2022

Bu gün “Badamdar Estates” mehmanxanasında vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, mərasimi açılış sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbirdə iştirak edən hər kəsi salamlayaraq qeyd edib ki, bu gün çox əlamətdar gündür.

Müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, vəkil İkram Kərimov müzəffər xalqın nümayəndəsi kimi, Şuşa ilində cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. İ.Kərimovun “Şöhrət” ordeni ilə təltifi cənab Prezident tərəfindən Azərbaycanda vəkillərə göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk.

A.Bağırov çıxış edərək həmçinin İkram Kərimovun bu il 80 illik yubileyini qeyd edərək onun hüquq sahəsindəki məhsuldar fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, İ.Kərimovun 18.04.1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olduğunu, 1966-cı ildən 1987-ci ilə kimi prokrorluq orqanlarında, 1987-ci ildən 2012-ci ilə kimi Respublikanın müxtəlif məhkəmələrində sədr vəzilərində fəaliyyət göstərdiyini qeyd edib. 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan İ.Kərimov bir sıra dövlət təltiflərinə layiq görülüb.

Sonra Anar Bağırov İkram Kərimova “Şöhrət” ordenini və vəsiqəsini təntənilə təqdim edib.

Daha sonra, çıxış edən İkram Kərimov qeyd etmişdir ki, "bu gün heç kimə sirr deyil ki, Vəkillər institutu Anar Bağırovun rəhbərliyi ilə yeni keyfiyyət alıb. Anar Bağırov çətinliklə də olsa, Kollegiyanın nüfuzunun yüksəlməsinə nail olub. Hesab edirəm ki, bu mükafat ölkə Prezidentinin mənim timsalında vəkilliyə olan diqqətinin bariz nümunəsidir.

Tövsiyəm ondan ibarətdir ki, vəzifəsindən asılı olmayaraq, hər kəs mənalı ömür sürməli, insanlara faydalı olmalıdır. Vəzifəsindən asılı olmayaraq, hakim, müstəntiq, vəkil – bir sözlə, bütün hüquqşünaslar hər zaman ədalətin, haqqın bərpasına çalışmalıdır. Arzu edirəm və inanıram ki, gələcəkdə bu ordeni alan vəkillərin sayı artacaq”.

Daha sonra Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorunun müavini Xanlar Vəliyev çıxış edərək qeyd etmişdir ki, "bilirsiniz ki, Cinayət mühakimə icraatının təməl daşı müstəntiqdir. İkram müəllim də sözün əsl mənasında ən yaxşı müstəntiq kimi tanınıb. Hər zaman ədalətli, obyektiv dövlətini sevən insandır. Ümumiyyətlə, mən deyə bilərəm ki, bu gün də Vəkillər Kollegiyasının sıralarında dövlət və dövlətçilik ideyalarına sadiq adamlar birləşib".

X.Vəliyev Kollegiyanın son dövrlərdəki fəaliyyətini, inkişafını müsbət qiymətləndiridiyini qeyd edərək İkram müəllimi təbrik etmiş və ona gələcək həyatında uğurlar arzulayıb.

Tədbirdə, həmçinin, hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Kollegiyanın üzvləri, eyni zamanda, hüquq elmləri doktorları Namiq Əliyev və Alış Qasımov, “Yusifbəyli və partnyorları” vəkil bürosunun müdiri Rəsul Yusifbəyli çıxış edərək İ.Kərimovun keçdiyi həyat yolu, onun fəaliyyəti, Kollegiyanın son dövrlərdəki fəaliyyəti barədə öz fikirlərini bölüşüblər. 

Daha sonra, fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunmuş və xatirə fotosu çəkilib.

 

Bənzər yazılar

0.37916994094849