Deputat Emin Hacıyev: “Fransa öz bitərəf mövqeyini çoxdan itirib” 

 18-11-2022

“Fransa Senatının qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərə ciddi zərbə vurur. Bu ölkə ilə bütün istiqamətlərdə olan əməkdaşlıq və ticarət əlaqələrinə, birgə layihələrə yenidən baxılmalıdır. Çünki Fransa öz bitərəf mövqeyini çoxdan itirib”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik edən Fransa bununla regionda yaranmaqda olan kövrək sülhə zərər verir:

“Daim ermənipərəst mövqeyi ilə seçilən bu ölkə Azərbaycanın Qarabağı azad etməsilə barışmaq istəmir. Rəsmi Paris hər vəchlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Erməni lobbisinin əlində oyuncağa çevrilən Senatın bu addımı isə Fransanın Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. ATƏT-in Minsk qrupunun həmsədri olduğu 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına göz yuman, Xocalı soyqırımı kimi tarixin dəhşətli faciəsini görməzdən gələn, şəhər və rayonlarımızın talan edilməsini, tarixi-dini abidələrimizin dağıdılmasını heçə sayan Fransa öz bitərəf mövqeyini çoxdan itirib. Bu baxımdan, Fransa qeyri-ciddi imici və riyakarlığı ilə təkcə Qafqazda yox, bütün türk dünyasında, eləcə də beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur”.

E.Hacıyev qeyd edib ki, Fransanın əməlləri bu dövlətin tarixən digər ölkələrə qarşı istismarçı, işğalçı siyasət yürütməsini yada salır.

Deputat söyləyib ki, dünyanın müxtəlif regionlarında 50-dən çox dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər tarixin qara səhifələridir.

“Cibuti, Nigeriya və Çadda on minlərlə müsəlmanı qətlə yetirməsi, Mərakeş, Tunis, Vyetnam, Ruanda və digər ərazilərdə törətdiyi vəhşiliklər və qətliamlar Fransanın üz qarasıdır”. Bu ölkənin həyata keçirdiyi soyqırımı, İslam dövlətlərinə qarşı düşmənçiliyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyinin ən bariz nümunəsi isə Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə yaşanıb”, - o vurğulayıb.

“Bu günlərdə Prezident İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”, - Milli Məclisin üzvü qeyd edib.

E.Hacıyev deyib ki, Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi bu qətnamənin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərir:

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəlikləridir. Bu öhdəlikləri pozan Fransanın mövqeyi qəbuledilməzdir və ən müxtəlif səviyyədə layiqli cavabı verilməkdədir. Azərbaycan öz tarixi torpaqlarını ordumuzun gücü ilə azad edib, regionda davamlı sülhün bərqərar olunmasına çalışır. Heç bir qüvvə dövlətimizin ərazi bütövlüyünə dil uzada və Şanlı Zəfərimizə kölgə sala bilməz”.

Bənzər yazılar

0.22779989242554