General-polkovnik Məhərrəm Əliyev: “Qazanılan Zəfər Azərbaycan xalqının, Ordusunun və Ali Baş Komandan İlham Əliyevin qələbəsidir” - VİDEO

 07-11-2022

“44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının, Ordusunun və Ali Baş Komandan İlham Əliyevin qələbəsidir”.

Bu barədə “Trend” BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

M.Əliyev qeyd edib ki, Azərbaycan Ordusunda quruculuq işləri hələ 1993-cü ildən, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayıb.

“1993-cü ildən 2003-cü ilə qədər həm hərbi, həm də təminat sahəsi Azərbaycan Prezidentinin birbaşa nəzarəti altında oldu. Sonrakı illərdə isə Prezident İlham Əliyev ordu quruculuğu sahəsinə çox böyük diqqət və qayğı ilə yanaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri hərtərəfli inkişaf etdi, orduda maddi-texniki baza, peşəkarlıq durmadan artırıldı. Bu gün Azərbaycan Ordusu dünya miqyasında öz yerini tutub.

Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, əldə etdiyi nailiyyətlər bizim tariximizə yazılıb. Bu qələbə Azərbaycan xalqının, Ordusunun və Ali Baş Komandan İlham Əliyevin qələbəsidir. Bu cür qələbənin əldə olunması, ordumuzun fədakarlığı, Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşması xalqımızın qürur mənbəyidir. Bu uğurlar məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılıb. Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş taktikasını, hərbi əməliyyatların planını şəxsən özü müəyyən edir, müharibənin aparılmasına birbaşa özü rəhbərlik edirdi”, - deyə M.Əliyev bildirib.

General-polkovnik həmçinin Azərbaycan Ordusunun bu gün tam və hərtərəfli şəkildə hazır vəziyyətdə olduğunu vurğulayıb.

“Biz yalnız erməni quldurlarına qarşı müharibə aparmırıq. Onların yardımçıları çoxdur. Biz təmkinlə hər zaman hazır olmalı, erməni yalanlarına uymamalıyıq. Onlara heç bir zaman inanmaq olmaz. Biz başa düşməliyik ki, bizim qarşımızda duran çox hiyləgər və cinayətkar bir dövlətdir”, - deyə M.Əliyev qeyd edib.

Azərbaycanın müdafiə sənayesindən bəhs edən general-polkovnik ölkəmizdə bu sahədə istehsal müəssisələrinin olduğunu və qardaş Türkiyə ilə birgə fəaliyyət göstərildiyini bildirib.

“Silah-sursatlar bugünkü tələbə uyğun istehsal olunur. Azərbaycanda bu gün yeni istehsal olunan silah-sursat, bəlkə də, dünyanın bir çox dövlətində yoxdur. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, kimsə bizim torpaqlarımıza hər hansı bir formada təcavüz etsin, suverenliyimizə təhdid yaratsın”, - deyə Prezidentin köməkçisi əlavə edib.

M.Əliyev həmçinin vurğulayıb ki, bu günlərdə Naxçıvan bölgəsində olub, bu ərazilərdə daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

“Bu gün Naxçıvanda yerləşən ordu birləşmələrimiz də ən müasir silah-sursatla təmin olunub, istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə, müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını yerinə yetirməyə tam hazırdır”, - general-polkovnik bildirib.

Bənzər yazılar

0.31352496147156