Bu gün tamaşaçı problemi yaşamayan və kübar sənət növü hesab edilən yeganə canlı sənət növü opera və baletdir. Hansı ki, Azərbaycan teatrının yaranma tarixinə də nəzər yetirdikdə teatrın bu zamana qədər tamaşaçı problemi yaşamadığını və səhnədə biri-birindən maraqlı musiqili, opera tamaşalarının nümayişinin şahidi olmuşuq.
“Report”un əməkdaşları Azərbaycan mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdıran Dövlət Akademik Opera və Balet Teatrında olublar.
Teatrın xüsusi bir akustikası, zadəganlara xas cazibəsi var. Sanki bu qapıdan içəri girdikdə o sehrli dünya səni zadəganların dövrünə səyahətə aparır. Teatrın bir ruhu var. Kim ki bu gün teatrın öldüyünü, insanların maraq dairəsindən kənarda qaldığını deyirsə, bu məkana baş çəkməli, həmin düşüncələrin tamamilə səhv olduğunu gözlərilə görməlidir.
Opera və Balet Teatrında neçə-neçə mərhum sənətkarlarımızın ruhu dolaşır. Hansı ki, bu gün gənc xanəndələrimiz, balet artsitlərimiz onların ənənələrini davam etdirirlər.
Biz teatra qonaq olduğumuz zaman orada “Babək” tamaşasının məşqləri gedirdi.
Aqşin Əlizadənin “Babək” baleti yeni quruluşda məşq edilirdi. Balet xalq qəhrəmanının yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi ilə yanaşı, 44 günlük müharibədəki şanlı Zəfəri də ehtiva edir.
Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edir. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edirdilər.
Onların ifasını izlədikcə şahidi oluruq ki, baletlə tamaşaçıya hansısa mövzunu çatdırmaq çox çətindir. Çünki balet dünyanın ən zərif, eyni zamanda ən çətin rəqslərindən biridir.
Teatrın aktyorları ilə söhbət etmək imkanı əldə etdim. Onlarla söhbət zamanı bu sənətin çətinliklərindən və sənət yolunda çəkilən əziyyətdən danışdılar.
Ən çox öyrənilən rəqslər arasında yer alan balet özünəməxsus texnikaları və ənənəvi üsulları ilə ifa edilən sənət növüdür. Balet həm də teatr elementlərini ehtiva etdiyi üçün onda aktyorluq istedadına da ehtiyac duyulur. Rəqs məktəblərində və kurslarında verilən balet dərsləri, həmçinin peşəkar məşqçilərin müşayiəti ilə bu rəqsi zövqlə ifa etmək mümkündür.
Balet ədalətli bir razılaşmadır, əslində. Dayanmadan əmək verib, öz üzərində çalışmanız qarşılığında zamanla qüsursuz bir bədənin edə biləcəklərinin nəticəsi kimi rəqs tanrısına çevrilirsiniz.
Baletdə müdafiəçi qədər güclü, marafonçu kimi sərt və çempion avarçəkən kimi cəsur olmaq mümkündür. Amma balet artistlərində başqa heç kimin qazana bilməyəcəyi bir şey var ki, o da elastiklikdir. Çevik əzələlər və vətərlər Tanrının onlara olan bir hədiyyəsidir. Amma bu elastiklik heç vaxt kifayət etmir və bədənlərini dik durmaq arzusu ilə mübarizə aparır, özləri ilə hər zaman döyüşə girirlər.
Bir gün işləməsəniz, geri qalacaqsanız, çox çalışsanız, bədəniniz sizə müqavimət göstərəcək və qatran kimi sərtləşəcəksiniz.
Sizi bu nöqtəyə qədər gətirmiş mexanizmə zərər vermədən nəticə ala biləcəyiniz qüsursuz işgəncəni tapdığınız an aradakı bu incə balansı öyrənirsiniz.
Baletdə qəribə bir paradoks var, o da bu elastikliyin bu cür sərt sənət dünyasında çiçək açmasının gözlənilməsidir. Qəddar qaydalar, sonsuz təcrid və zehninizin qurcalanması elastikliyə olan təbii meylinizi bir möcüzənin çətin ifadəsinə çevirir. Özünüzü işlənə bilən gil halına çevirmək olduqca qəliz bir işdir. Bir söz var, ağrısız gözəllik olmaz; baletdə də belədir. Ağrı yoxdursa, qazanc da yoxdur.
Balet həm də darvinistdir... Hər dərs, hər məşq, hər səhnə sənətdə qala bilmək üçün təkamül imtahanıdır. Qaydalar bəllidir. Zəif olanlar bacara bilməzlər.
Balet artistləri bildirirlər ki, bu səhnədə çıxış etmək heç də asan məsələ deyil. Belə ki, balet ayaqqabılarının burnu kibrit qutusu böyüklüyündədir. Bu qədər kiçik sahənin üstündə müvazinətini itirmədən dayana bilmək imkansız kimi görünür. Lakin bunu etmək bütün balet ansambllarında balet artistindən tələb olunan bir şeydir. İmkansız olanı zəhmətsizmiş kimi göstərmək uğrunda onurğanı və ombanı düzgün istifadə etməyi öyrənmək üçün illər lazımdır. Lakin sonda balet ayaqqabılarınızın kibrit qədər ucuna qalxdığınızda düzgün tutmağa çalışdığınız təkcə bədən yox, həmin aktyorun bütün varlığıdır.
Nəticə etibarilə hər solo bir cəsarət nümunəsidir. Bu cəsarət xoreoqrafiyada deyil, səhnədə deyil, izləyicinin insafında da deyil, öz içinizdədir. Bədəninizin harada əyilib, harada büküldüyünü zehniniz unutsa da, əzələlərinizin xatırlayacağına inanmaq şərtdir. Bir sözlə, səhnə işıqları altına addımınızı atdığınız an yerdə möhkəm dayanacağınıza inamınız sonsuz olmalıdır.