44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Elçin Mansurovdur.
Tərcümeyi-hal:
Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən, “Aviaşəhərcik” adlanan, aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir.
Elçin Mansurov ilk təhsilini Binə qəsəbəsindəki 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov təhsilini buradakı 286 nömrəli orta məktəbdə davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2007-ci ildə buranı nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.
Həmin ilin iyul ayında Tovuzda yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı zabit qismində xidmət edib. 13 illik hərbi xidmət müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub. Elçin Mansurov qüsursuz xidmətinə görə general-mayor Mais Bərxudarov və digər zabitlər tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır.
Tarixə Aprel döyüşləri kimi yazılan savaşa Elçin Mansurov da qatılır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi işğaldan azad olunur. Həmin döyüşlərdən iki il sonra Elçin Mansurov II dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilir. Elçin Mansurova 2020-ci ilin yayında “mayor” rütbəsi verilir.
2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə Elçin Mansurov yaralansa da, 12 yaralını döyüş meydanından çıxara bilir. Ancaq elə həmin gün “Buğra dərəsi” adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsi ilə şəhid olur. Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapılır və ertəsi gün II Şəhidlər xiyabanında torpağa tapşırılır.
Ölümündən öncə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, II dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.
Ölümündən sonra 09.12.2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Oxu.az-ın əməkdaşı şəhidin anası Məleykə Məcidova ilə danışıb.
- Elçinin uşaqlıqdan hərbiyə marağının olduğunu dediniz.
- O, uşaqlıqdan hərb sənətinə maraqlı idi. Oyuncaqları da həmişə silah olurdu. Hələ uşaq olanda hərbiyə aid olan filmlərə baxırdı. Yanvar hadisələrinin (1990-cı ilin 20 Yanvarını nəzərdə tutur - red.) də təsiri oldu. Elçinin oyuncaq snayper tüfəngi var idi. Eyvanda həmişə onu helikopterlərə tuşlayırdı. Yanvar hadisələrində millətə qarşı törədilən cinayətlər ona çox təsir etmişdi. Düşmənə qarşı nifrət hissi yaranmışdı. Ona görə hərbiyə yönləndi.
O, kəşfiyyatçı idi. “Tənha Canavar” ləqəbi ilə tanınırdı. Elçin döyüşdən heç vaxt əliboş qayıtmırdı. Hətta ermənilər onun başına pul da qoymuşdular.
- Oğlunuzla sonuncu dəfə nə zaman görüşmüşdünüz?
- Sonuncu dəfə Elçin evə avqust ayında gəlmişdi. Qurban bayram idi. Lakin o, evə gələndə mən evdə deyildim. Anam iyun ayında vəfat etmişdi. Qəbələdə, anamgildə idim. O gələndə mən onu görmədim. Şəhid ailələrinə qurban sovqatı aparıb. Bir gecə qalıb. Ondan sonra yenidən xidmətə qayıdıb.
O, müharibədə olduğunu deməmişdi. Biz qonşudan öyrəndik. Bir dəfə danışanda soruşdum, Elçin telefonu söndürdü. Bir qədər keçəndən sonra yenidən zəng vurdu, dedi ki, “çağırırdılar deyə söndürdüm”. Sentyabrın 24-ü axşam saat 11 idi. Görüntülü zəng vurdu. Telefonu açdım. Dedi ki, “ana, niyə qaranlıqda oturmusunuz ki, işıqlar sönüb?.. Dedim ki, yox. Dedi, işığı yandır. Səbəbini soruşdum. Cavab verdi ki, “ana, sənin üzünü görmək istəyirəm”. Sonradan başa düşdüm...
- Bir gün öncə qardaşına səsli mesaj göndərdiyini söylədiniz. Qardaşına nələr deyibmiş?
- Şəhid olmamışdan bir gün öncə böyük qardaşına səsli mesaj göndərib. Oğlum elə yerdə olub ki, aça bilməyib. Qardaşı səhəri günü zəng vuranda telefonu hərbçi yoldaşı açıb. Qardaşı soruşub ki, “Elçin haradadır?” Deyiblər ki, “işi var”. Şəhid olduğunu deməyiblər. Müharibənin ilk başladığı gün oğlum şəhid olub.
O, hücum əmrindən 10 dəqiqə keçməmiş birinci eşelonu götürmüşdü. Çevik idi. 45 dəqiqə ərzində iki dənə eşelon götürüb. Yaralı olub. Ona deyiblər ki, komandir, təxliyə olunmalısınız. Razı olmayıb. Deyib ki, yaralılar var. 12 yaralı könüllünü döyüş meydanından çıxarıb. Növbəti eşelonu götürməyə tək gedib. Üstündə bıçaq olub. Əlbəyaxa vuruşub. Geri dönmək istəyəndə snayper vurub.
- Məleykə xanım, oğlunuzun ən böyük arzusu nə idi?
- O, Tovuzu çox sevirdi. Arzusu təqaüdə çıxandan sonra dağlıq ərazidə ev tikib, yaşamaq idi. Onun arzuları gerçəkləşmədi. Evli deyildi. Lakin sevdiyi var imiş. Onu da şəhid olandan sonra öyrəndik. Qıza üzük də alıb, taxıbmış. Həmişə deyirdi ki, sentyabr bitsin, hər şey yaxşı olacaq. Biz nə olacağını bilmirdik. Bizə də deməmişdi.
- Tez-tez yuxularınıza gəldiyini dediniz.
- Yuxularıma gəlir. 40-ı çıxmamışdı, noyabr ayı idi, bir yuxu gördüm. Gördüm ki, Elçin uzanıb yerdə, mənə tərəf qollarını açıb, deyir ki, “mama, mən səni çox istəyirəm”. Onu qucaqlayıb, öpürəm. Hiss elədim ki, buz kimi nəsə dəydi. Ayıldım. Baxdım, gördüm ki, heç nə yoxdur. Sonradan dedilər ki, onun ruhu imiş. Mənə çox təsir etdi.
Bir neçə müddət yuxularıma gəlmirdi. Sonuncu dəfə bu ilin sentyabr ayında gördüm. Səhəri gün şəhid xəbərlərini eşitdim. Onu yuxularımda həmişə yarıdan görürəm. Bədəninin bir hissəsi görünmür. Mən hələ də inana bilmirəm. Neytral ərazidə qalmışdı deyə üzünü açmamışdıq. Böyük oğlum demişdi ki, “mama, açmağa məcbur etmə”, açdırma. Elə bilirəm ki, sağdır, gələcək.
- Qələbə xəbərini necə qarşıladınız?
- Oğlum neytral ərazidə idi. Dua edirdim ki, qazi gəlsin. Daha sonra nəşinin bir parçasının tapılması üçün dua etdim ki, heç olmasa, məzarı olsun. Qələbə xəbərini eşidəndə qışqırıb, ağladım. Sevindim ki, oğlumun qisası alındı.
Nəzrin Vahid