Siqaret çəkən xanımlar arasında süd vəzi xərçəngi DAHA GENİŞ YAYILIB

 26-10-2022

"Menstruasiya dövrü tez başlayanlarda süd vəzi xərçənginə daha çox rast gəlinir”.

Milletinsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Həkimin sözlərinə görə, xəstəliyin konkret olaraq hansı səbəbdən yarandığı məlum deyil: “Bir çox faktorlar var. Şiş virusları da süd vəzi xərçəngini yarada bilir. 15-16 yaşda menstruasiya başlayanda süd vəzi xərçəngi daha azdır. Menstruasiyadan tez kəsilmə də risklidir. Bu xəstəliyin yaranmasına səbəb olur. Artıq çəki, hərəkətsizlik, erkən hamiləlik, kiçik yaşlarında hər hansı xəstəliklə bağlı şüa qəbul etmək də xəstəliyin riskini daha da artırır.  Süd vəzi xərçənginin simptomları olmur”.

Həkimin sözlərinə görə, xəstəlik gec mərhələlərdə hiss olunur: “Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir. Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur. Süd vəzi xərçəngi olanların kalorili qidalara daha çox üstünlük vermələri məsləhət görülür”.

Onkoloqun sözlərinə görə, xəstədən-xəstəyə fərq var: “Sırf bunu yeməlisən deyə bir qayda yoxdur. Sadəcə normal qidalara üstünlük versələr yaxşı olar”.

H.Vəliyeva qeyd edib ki, qadınlar xəstəliyin olub-olmamasını özləri yoxlaya bilərlər:

“Süd vəzisində xüsusən maye ifrazı olub-olmadığı yoxlanmalıdır. Duş altında barmaqların ucu ilə toxunulmalıdır. Əlamət hiss edəndə qorxmaq lazım deyil. Yaşlarından asılı olmayaraq hər bir xanımın süd vəzisi yoxlanılmalıdır ki, xəstəlik varsa, təcili müalicə olunsun”.

Bənzər yazılar

0.42865395545959