Ali təhsil yolunda BÖYÜK ƏNGƏL: Ödənişin hissə-hissə verilməsi NİYƏ RƏSMİOLƏŞMİR? 

 25-10-2022

Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev universitetlərdə təhsil haqqının ödənişi ilə bağlı açıqlama verib:

“Azərbaycan universitetlərinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin. Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır”.

Oxu.az saytı təhsil haqqının hansı universitetlərdə hansı formada ödənilməsi barədə məlumat hazırlayıb.

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, tələbələrə təhsil haqqını hissə-hissə ödəmək üçün imkan yaradılır.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva əlavə edib ki, tələbələr təhsil haqqını həm tam, həm hissə-hissə ödəyə bilərlər:

“Burada heç bir kurs fərqi yoxdur”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, AzTU-da təhsil haqqının birdəfəyə ödənilməsi ilə bağlı heç bir tələb yoxdur:

“Tələbəyə maddi vəziyyətinə uyğun olaraq, hətta təhsil haqqının tam yarısını da hissə-hissə ödəməyə imkan yaradılır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq isə bildirib ki, tələbələr mərhələli şəkildə təhsil haqqını ödəyə bilərlər:

“Tələbə qəbul olanda ödənişin yarısını, sonra isə qalanını hissə-hissə ödəyir. Sonrakı illərdə də hissə-hissə ödəyə bilir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, qaydalara görə, təhsil haqqı ilin əvvəlində tam şəkildə ödənilməlidir:

“Lakin ADPU-da təhsil alan tələbələrin bu barədə çətinliyi olmur. Çünki istənilən tələbə tam şəkildə ödəyə bilmirsə, il ərzində hissə-hissə ödəmək şansına malikdir. Bunun üçün sadəcə, yazılı şəkildə təhsil haqqını tam ödəyə bilmədiyini və hissə-hissə ödəyəcəyini bildirdiyi ərizə yazması kifayətdir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Ömərova bildirib ki, tələbələr təhsil haqqını birdəfəlik, ya da hissə-hissə ödəyə bilərlər:

“Sosial imkanları çətin olanlara isə xüsusi güzəşt edilir və cədvəl tərtib olunur. Onlar orada hər ay nə qədər ödəniş edə biləcəkləri barədə qeyd edirlər. Ona uyğun təhsil haqqının ödənilməsi qrafiki qurulur”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı qeyd edib ki, bütün tələbələrə təhsil haqqını hissə-hissə ödəmə imkan yaradılır.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, birinci kurs tələbələri tərəfindən təhsil haqqı tam ödənilməlidir:

“Digər illərdə isə yarı-yarı ödəyə bilərlər. Sosial vəziyyəti yaxşı olmayanlara isə ödənişlərlə bağlı güzəşt edilir”.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Yaqub Piriyevin açıqlaması reallığa əsaslansa da, müəyyən məqamlara aydınlıq gətirilməsi zərurətini yaradır:

“Əgər “bu bizdən asılı deyil, universitetlərin rəhbərliyindən asılıdırsa”, onda kollegiya belə bir qərarı çıxararkən hansı normativlərə və ya mülahizələrə əsaslanıb? Yox, əgər universitetlər kollegiya qərarına etinasız yanaşacaqdısa, onda məsələni müzakirəyə çıxarıb kollegial qərar çıxarmağa nə ehtiyac var idi? O ki qaldı “Bu, sosial kreditlərdir, bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bunlar sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə, dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək” yanaşmasına, bir halda ki Milli Məclisdə “Təhsil haqqında” Qanuna dəyişikliyin müzakirəsi gedir və universitetlərdə çoxlu tənzimlənməyən məsələlərin olduğu dilə gətirilir, ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problem qaldırılır, o zaman niyə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”na təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı konkret maddə əlavə edilməsi barədə təklif irəli sürülmür?

Bu məsələ nə bu günün, nə də dünənin məsələsidir. Hər universitetdə fərqli şəkildə tətbiq olunur. Hansısa universitetdə ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər. Hansındasa tələbə təhsil haqqını ödəməli və ödənişini təsdiq edən sənədi birinci semestr üzrə 10 sentyabr tarixinədək, ikinci semestr üzrə isə 15 yanvar tarixinədək təqdim etməlidir.

Başqa bir universitetdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər. Digər bir universitetdə yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidirlər. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər. Bununla belə, universitetlərinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin”.

“Məlumdur ki, mövcud qaydalara əsasən, Təhsil Tələbə Kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər.

Yəni buraya birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar), illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər daxildir. Amma baxaq, dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilən bu kreditlər qaydalarda olan məhdudlaşdırıcı şərtləri də nəzərə alsaq, bütün tələbələrin problemini həll edəcəkmi? Bir halda ki ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda əlçatanlığı təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması ilə ölçməməliyik.

Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali mətəbə qəbul olunduğu halda, maddi problem səbəbi ilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar”, - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, universitetlərin də vəziyyəti nə qədər başadüşülən olsa da, onlar üçün təhsil alanın maraqları digər maraqları üstələməməlidir:

“Təkcə bu il qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2 355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməməsi təhsil haqqının birdəfəyə ödənilməsini tələb edən  universitetlər üçün ciddi siqnal olmalıdır. Həmin universitetlər nəzərə almalıdırlar ki, bir az da belə davam etsələr, tələbəsiz qala bilərlər”.

Bənzər yazılar

0.23379302024841