Milyonçu Murtuza Muxtarovun bağındakı sirr hələ də çözülməyib

 24-10-2022

Paytaxtdan kənarda yerləşən elə ərazilər var ki, tarixi barədə çoxlarının məlumatı yoxdur.  Söhbət 24 hektardan çox sahəyə malik olan Mərdəkan Dendrarisindən gedir.

Məlumata görə, bu ərazi 1895-1920-ci illərdə məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub.

Hazırda Dendrologiya İnstitutunun yerləşdiyi bu möhtəşəm məkanda illərdir sirr qalan bir quyu var. Əslində, bu quyunun suyu ilə ərazidəki 600-dən çox ağac, kol bitkiləri suvarılır.

Ərazidə müxtəlif növ bitkilərə rast gəlmək mümkündür. Bitkilər barədə sizə danışacağam, amma hələlik qayıdaq bu sirr dolu quyuya.

Maraqlı məqam budur ki, quyunun içərisindən bir neçə istiqamətə yollar ayrılır, amma bu günə qədər heç kim o yolların sonundakı çıxışların harada olduğunu öyrənə bilməyib. Arxeoloqlar belə, tunelin sadəcə çox kiçik bir hissəsinə baxış keçiriblər.

Məlum məsələdir ki, can şirin şeydir…

Doğrudanmı bu tunellərin sonunun hara gedib çıxdığını öyrənmək mümkün deyil? Məncə, üzərinə kiçik kamera yerləşdirilmiş dron və ya başqa bir vasitə ilə bu suala cavab tapmağa cəhd etmək olar.

Keçək quyunun sirlərinə… Bu barədə oxu.az-a Dendrologiya İnstitutunun elmi işçisi Afət Bağırlı məlumat verir.

Yerin altına enən 114 pillə…

Bizimlə ərazini gəzən Afət xanım deyir ki, bu quyu barədə çoxsaylı fərziyyələr irəli sürülüb, amma heç biri elmi cəhətdən təsdiqini tapmayıb:

“Quyu bir dəfə təmir olunsa da, içərisinə daxil olmaq təhlükəlidir. Bu səbəbdən də giriş qadağandır. Quyuda kəskin temperatur fərqi də var: əvvəlcə isti hiss edirsiniz, bir qədər aşağı düşdükdə sıxlıq, havasızlıq olur, quyunun içərisində çox qalsan, hətta soyuqdan donmaq olar.

Burada dörd yeraltı su kəhrizinin olduğu deyilir, kəhrizləri mağaralar və keçidlər əhatə edir. Quyunun içindən keçən yolların hansı istiqamətə apardığı heç kimə məlum olmasa da, fərziyyələrə görə, bir yol Xəzər dənizinə kimi uzanır. 

Digər üç yoldan birinin Şəmsi Əsədullayevin bağ evinə, digərinin isə Murtuza Muxtarovun öz xanımı üçün tikdirdiyi evin həyətinə apardığı deyilir. Hazırda o çıxışların hansı vəziyyətdə olduğunu bilən yoxdur.

Bu quyudan başqa, bağ ərazisində daha üç quyu var. Amma onların nə zaman tikildiyi məlum deyil. Hazırda dayandığımız yerdən quyunun suya qədər olan hissəsinə kimi 19 metrdir. Oradan sonra sanki növbəti mərtəbə var və onun dərinliyi də əlavə 10 metrdir”.

Afət xanım deyir ki, Murtuza Muxtarov buranı o vaxt anbar kimi istifadə edib. Sərin olduğu üçün məhsulları buraya yığanda xarab olmayıb. İmkanlı şəxslərin bir çoxunun həyətində bu quyulardan olub.

O dövrün milyonçular məhəlləsi

Mərdəkanda torpaqlarda eroziya çox az gedir, bunu araşdırmalar da sübut edir. Ona görə də vaxtilə milyonçuların əksəriyyəti buradan torpaq alıb, ev tikib.

O dövrdə Murtuza Muxtarov bağının həyətində sevdiyi xanımı üçün hovuz da tikdirib:

“Fikir verin: hovuz normadan çox hündürdür. Bunun səbəbi xanımı Qönçənar orada çimərkən onu heç kimin görməməsidir”.

Afət xanım deyir ki, bu abidəni öz güclərinə saxlayırlar. Bir əsrdən yuxarı tarixi olan quyu təmir olunmalıdır.

Quyunun sirləri ilə bağlı film çəkilişləri üçün dəfələrlə müraciət olsa da, Dendrologiya İnstitutu quyuya düşən şəxslərin təhülkəsizliyi ilə bağlı məsuliyyət daşımayacağını və bunun təhlükəli olduğunu bildirərək imtina edib.

Sarı sürüşkən torpaq quyuya girəni çəkir

45 ildir burada çalışan Afət Bağırlı deyir ki, ilk və son dəfə bu quyuya 2016-cı ildə daxil olub:

“O vaxt quyuya düşən pillələr bu qədər çürüməmişdi. Onda da təhlükəli idi, amma suallarıma cavab tapmaq həvəsi məni bu riskə apardı. Jurnalistlərlə birgə mən də quyuya daxil oldum. Lakin çox az bir hissəsini getmişdik ki, geri qayıtmalı olduq. İçəridə sarı sürüşkən torpaq irəliləməyə imkan vermir. Divarlar arasında dar bir cığır var, hansı ki, su ilə doludur. İrəlilədikcə bu cığırın diametri genişlənir, suyun həcmi isə artır”.

Araba ilə neft daşımaqdan ixtiraçılıq və milyonçuluğa doğru

“Murtuza Muxtarov kasıb olub. Amma öz gücü hesabına varlanıb. Əslən əmircanlı olublar, burada ən çox yaşayan qardaşı Baləhməd olub.

M.Muxtarov arabaçı ailəsində anadan olmasına baxmayaraq, qardaşı ilə birlikdə çənlərdə yaxın kəndlərə neft daşıyıb. Qazma kontorunun sahibi Markov adlı bir sahibkar Murtuzanın bu həvəsini görərək onu öz yanına cəlb edib. Murtuzanın məsuliyyətli, işə can yandıran biri olduğunu gördükdən sonra Markov neft mədənindəki emalatxanasını ona verib və bu sahənin sirlərini öyrədib. Zamanla Murtuza öz üzərində çalışıb, hətta ixtira edib.

Murtuza dəzgah və xüsusi açar hazırlayıb. O dəzgahın iki nüsxəsi var: biri Sankt-Peterburqda muzeydə, digəri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində saxlanılır. 20 il bundan əvvəl öz gözümlə görmüşəm”.

Afət xanım deyir ki, arxiv məlumatlarına görə, Əmircandan olan ən zəngin dörd tacirdən biri Hacı Yusif Murtuza Muxtarovun qayınatası olub:

“Hacı Yusifin İraqda hektarlarla ərazisi olub. O, balaca adam olmayıb. Əmircan kəndi balaca olsa da, çox ziyalılarımız var. Şəmsi Əsədullayevlə Murtuza Muxtarovun çox gözəl münasibətləri olub. Görünüşdən sadə, kasıb kənd olsa da, insanları, tarixi çox zəngindir”.

Daha çox foto burada: Photostock.az

Bənzər yazılar

0.25285601615906