"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Milletinsesi.info-ın məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
"Frayburq"un ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.