Prezident İlham Əliyev: “Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir”

 20-10-2022

“Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını birlikdə açdıq. Bu gün isə Zəngilan Hava Limanını açdıq. Yəni bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”.

Dövlət başçısı deyib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır:

“Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların artıq bir hissəsi hazır vəziyyətdədir, dəmir yolları, eyni zamanda 33 tunelin inşası nəzərdə tutulub, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bir qismi inşa edilib. Körpülərin uzunluğu 12 km-dir. Bu ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir.

Bu gün əziz qardaşımızın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və icazəsi ilə aparılacaq. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb”, - deyə dövlət başçısı qeyd edib.

“Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi. Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətinə irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, Azərbaycan bayrağı qaldırıldı və bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ müharibəsinin ilk saatlarından əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam edirdi”, - dövlət başçısı vurğulayıb.

Bu əziz gündə bizimlə bərabər olduqları üçün Türkiyə Prezidentinə və nümayəndə heyətinə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyev qardaş Türkiyə xalqına xoşbəxtlik və sülh arzulayıb.

Bənzər yazılar

0.20192193984985