Ötən ilin iyununda Bakıda qaydasız döyüşçü Murtuz Murtuzlunu qətlə yetirən 21 yaşlı Məhəmməd Məhəmmədliyə hökm oxunub.
“Kriminalqafqaz”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, “Maqa” ləqəbi ilə tanınan M.Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, qətl qıza görə baş verib. Belə ki, Məhəmməd qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb. Səhifənin parolu qızın sevgilisində olduğu üçün mesaja da o cavab verib. Raul Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.
Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı 23 yaşlı Murtuz Murtuzlunu da gətirib. Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan üzr istəməsini tələb edib. Bu zaman Məhəmməd üzərindəki bıçaqla Murtuza bir neçə zərbə endirib. Ağır xəsarət alan M.Murtuzlu xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən vəfat edib.