İngiltərənin “Liverpul” futbol klubu misirli hücumçu Məhəmməd Salahla müqaviləni uzadıb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Ancaq yeni müqavilənin müddəti barədə məlumat verilməyib.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, futbolçu ilə müqavilə iki illik olacaq. Komandanın kapitanı, hollandiyalı müdafiəçi Vircil van Deyk də yaxın vaxtlarda oxşar müddətə yeni müqavilə imzalayacaq. Onun da klubla müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.
Qeyd edək ki, 32 yaşlı Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir.
Bu mövsüm futbolçu müxtəlif turnirlərdə 45 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Hücumçu cari İngiltərə çempionatında ən çox qol vuranlar (27) və məhsuldar ötürmə edənlər (17) siyahısına başçılıq edir.
Salah “Liverpul”un heyətində ümumilikdə 394 oyun keçirib, 243 qol vurub və 111 məhsuldar ötürmə edib. Misirli komandanın bombardirlər siyahısında uelsli hücumçu İan Raş (339) və ingilis hücumçu Rocer Hantdan (271) sonra üçüncüdür.
Salah “Liverpul”la İngiltərə çempionluğunu qazanıb, Çempionlar Liqasının, İngiltərə Kubokunun və Super Kubokunun, UEFA Super Kubokunun, Klublararası Dünya Kubokunun qalibi olub. O, həmçinin iki dəfə Liqa Kubokunda qalib gəlib.
Xatırladaq ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komandanın 31 oyundan sonra 73 xalı var.