Azərbaycanda sehirli “İtmiş dünya”: NAĞILLAR DİYARINDA BİR GÜN

 17-10-2022

Bura elə gedib-gəlməlisən ki, dumana düşməyəsən. Əgər dumana düşsəniz, yolda qalacaqsınız. İki maşının yanbayan keçə bilməyəcəyi qədər dar, bir tərəfi uçuruma baxan yolu var. Avtobus yuxarı hərəkət etdikcə, təzyiq artır, insan qulaqlarında başgicəlləndirici uğultunu hiss edir...

Oxu.az-ın budəfəki səyahət marşrutu dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalığadır.

Yerlilərin “Kətiş” adlandırdığı bu yurd yeri Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir, eləcə də həmin ərazi vahidinin mərkəzidir.

Kəndin adının yaranması ilə bağlı mülahizələr də elə bu məkanın mistikası qədər rəngarəngdir. 
Rəvayətə görə, dünyada bənzəri olmayan bu yaşayış yerinin adının yaranması günəş şəfəqləri ilə bağlıdır.  Belə ki, günəşin ilk şəfəqlərində kəndin əhatəsində yerləşən dağ xına rənginə boyanır, elə buna görə də kəndə “Xınalıq” adı verilib. 

Ehtimallardan biri isə kəndin adının yalnız burada bitən və xına rəngində olan bir bitkinin adından yaranması ilə bağlıdır. Bəzi fərziyyələrə əsasən, Xınalıq adı ilə XI əsrin Albaniyasındakı Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaycanla sərhəddə yerləşir.

Xınalıq yer adına ilk dəfə XV (1457-1459) əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri” əlyazmasında rast gəlinir. Müəllif özünə “Xınalıqlı” təxəllüsünü götürüb. Bu da “Xınalıq” adından istifadə olunan ilk yazılı mənbədir.

Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Hətta kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olar. Xınalıq ərazisində ilkin məskunlaşmaya aid faktlar erkən tunc dövrünə (e.ə. IV minilliyin sonu) aiddir. 

VIII əsrdə xınalıqlılar Dərbənd hakimi Hişamın qardaşı Əbu Müslüm vasitəsilə İslam dinini qəbul edirlər. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda elə Əbu Müslümün əmri əsasında tikilib. XII-XVIII əsrlərdə bu ərazilərdə çoxlu türbələr və məscidlər inşa edilib. 

Nəhayət, insanların da fərqli dildə danışdığı qədim məkana yaxınlaşırıq.

Bura qədəm basarkən qeyri-ixtiyari olaraq məşhur ingilis yazıçı Artur Konan Doylun “İtmiş dünya” əsərini xatırlayır, özümü bir anlıq professor Çellencer, yol yoldaşlarımı ekspedisiyamızın üzvləri kimi hiss edirəm. Sıldırımlar arasına sığınmış kənddə isə bizi ibtidai insanlar və təhlükələr yox, gülərüz, qırmızıyanaq uşaqlar qarşılayırlar.

Girişində içində ərzaq məhsulları olan bir balaca mağaza var. Kim bazarlıq etmək istəsə, ora yaxınlaşır. 

Buraya gələn turistlərin kəndin sehrinə düşməməsi mümkün deyil. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən, 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

Xınalıqda evlər çay daşından və bir təpənin üzərində pilləli şəkildə inşa edilib. Bir evin damı ondan yüksəklikdə yerləşən digər evin həyətidir. Evlərin yaşı 250 ildən çoxdur. Damlar isə sadəcə torpaqla örtülüb. 

Kənd sakinlərinin əksəriyyəti köçəri həyat yaşayır. Oktyabr ayında Hacıqab, Qobustan, Şamaxı istiqamətinə köçürlər, may ayında isə geri qayıdırlar.

Əhali buradan müvəqqəti gedən zaman köç yolunun uzunluğu 200 kilometrə yaxın olur. Köç yolundan hər il 10 000-dən artıq insan və 300 000-dən artıq mal-qara istifadə edir.

Kənd ərazisində 50 nəfərlik internat tipli bir məktəb fəaliyyət göstərir. Ailələr köç həyatına hazırlaşan zaman uşaqlar orada qalırlar. 

Xınalıq əhalisi özünəməxsus unikal dili olan kiçik etnik qrupdur. Onların fərqli dili olduğu üçün uşaqlar birinci sinfə gedənə kimi Azərbaycan dilini tam bilmirlər. Ancaq məktəbdə doğma dilimizi tam öyrənirlər. 

Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Toy, yas və digər mərasimlər bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir. 

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev də kəndə böyüyüb-boya çatıb:

“1988-2007-ci ilə kimi kənddə 89 ev tam dağılıb. Dövlət Turizm Agentliyi (DTA) tərəfindən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur. Artıq 16 ev təmir olunub. Bu ilin sonuna isə daha 11 evin bərpası nəzərdə tutulub. Kəndin tarixi hissəsində 160 ev, ümumilikdə isə 230-dan çox ev var. Həmin 160 ev dövlət tərəfindən qorunur”. 

H.Ağayev deyir ki, tarix muzeyində 2000-ə yaxın eksponat var:

“Erkən tunc dövrünə, orta əsrlərə aid eksponatlar var. 2010-2012-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində burada “Zangar” (Xınalıq) adlı qədim yaşayış məskəni aşkar edilib. Eyni zamanda, sahəsi iki hektar olan qəbiristanlıq aşkar etmişik. Oradan müxtəlif əşyalar götürülüb və muzeydə saxlanılır”.

Burada qadınlar corablar, əşyalar toxuyur, uşaqlar ora gələn turistlərə satırlar. 

Evində bərpa işləri aparılan kənd sakini Hüseyn Hüseynov da danışıb. 

O bildirib ki, evin divarlarında çatlar əmələ gəlmişdi:

“DTA tərəfindən layihəyə daxil edildi. Artıq uşaqlarım isti evdə yaşayırlar”.

Qeyd edək ki, 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib.  

Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərinin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır. 

Bəli, Xınalıq özünəməxsus adət-ənənələri, tarixi abidələri, öz dili olan səmimi əhalisi ilə Azərbaycanın macəralar vəd edən “İtmiş dünya”sıdır. Bu dünyanı Quba şəhərindən, sadəcə, 60 kilometr ayırır...

Daha çox foto burada: Photostock.az

Bənzər yazılar

0.24615287780762