Zaqatalada oyma sənəti ilə məşğul olan 73 yaşlı usta Əsgər Məmmədov yaşadığı evin həyətyanı sahəsindəki emalatxanasında fəaliyyət göstərir.
Ə.Məmmədov “Report”un Şimal-qərb bürosuna bildirib ki, hazırladığı əl işlərinin əksəriyyətinin eskizini yuxuda görüb:
“Bu işlə məşğul olmaq üçün gərək insanda səbr olsun. Oyma sənətində göyrüş, yaban qoz, şabalıd, palıd, tut, armud ağaclarının kötüyündən istifadə edirəm. Yonulmağına görə, ən rahat ağac armud, ən çətini isə qoz, şabalıd və göyrüşdür. Heç vaxt heç kimin üslubundan istifadə etməmişəm. Hazırladığım əl işlərinin eskizlərini yuxuda görürəm və daha sonra öz işimdə həmin eskizləri tətbiq edirəm. Lazım olan xammalı meşədən və sel gələndə özü ilə gətirdiyi ağac kötüklərindən əldə edirəm”.
Qeyd edək ki, Əsgər Məmmədovun atası Rəsul kişi 1937-ci ildə Stalinin əmri ilə Naxçıvanın Ordubad rayonundan Qazaxıstanın Taldı-Kurqan viləyətinə sürgün edilib.
Məmmədovlar ailəsi 1961-ci ildə sürgünlük həyatı başa çatdıqdan sonra uzaq Qazaxıstan Respublikasından köç edərək Azərbaycanın Zaqatala şəhərini özlərinə yurd ediblər.
Əsgər Məmmədov Zaqatalada orta məktəbdə oxuduğu illərdə idmanın badminton və həndbol növləri ilə məşğul olub. Bu oyunlar üzrə ötən əsrin 60-ci illərin sonu 70-ci illərin əvvələrində respublika birinciliklərində iştirak edib.
İdmandakı uğurlara görə, əməkdar idman ustası adına layiq görülüb.