Prezident İlham Əliyevdən XƏBƏRDARLIQ: “Adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”

 14-10-2022

“Qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir”. 

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir:

“Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu”. 

Dövlət başçısı bildirib ki, görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu:

“Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Bənzər yazılar

0.22612905502319