Ötən il 230-dək hakimin fəaliyyətinin qiymətləndirildiyi və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verildib.
Bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.
Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.
İclasda həmçinin, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.
Vətəndaşların haqlı narazılığını doğuran hallara, süründürməçiliyə və digər qanun pozuntularına yol verilməsinə görə apellyasiya və birinci instansiya məhkəmələrinin bəzi hakimləri barədə intizam icraatları başlanılıb.