Şahid Nadir Rəşidov: “Xankəndidə şərlənərək həbs olunan azərbaycanlıları öldürdükdən sonra meyitlərini yandırıblar” 

 10-10-2022

Ermənilər zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və qətl hadisələri törədiblər. Eyni zamanda, dəfələrlə azərbaycanlılar ermənilər tərəfindən hücumlara məruz qalıb və faciəvi şəkildə qətlə yetiriliblər, sağ qalanlar isə öz dədə-baba yurdlarından qovulublar.

Birinci Qarabağ müharibəsi zamanı onların törətdikləri vəhşiliklər barədə çoxsaylı misal gətirmək olar. Onların otuz il əvvəl azərbaycanlıları qətlə yetirməsi ilə bağlı faktlar bu gün artıq dəlilli-sübutlu üzə çıxır. Son günlər Edillidə aşkarlanan kütləvi məzarlıq bunun bariz nümunəsidir. Yəni, mənfur qonşumuzun bizə qarşı məkrli, hiyləgər və düşməncəsinə davranışları ta əzəldən bəri dəyişməz olaraq qalıb. 1967-ci ilin iyul ayının 3-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi hadisə də dəhşətlidir.

Belə ki, erməni daşnakları 1966-cı il oktyabr ayının 22-də Martuni rayonunun Qarakənd kəndindəki S.M.Kirov adına kolxozun aqronomu Benik Movsesyan adlı bir erməninin 8 yaşlı oğlu Nelsonu xüsusi amansızlıqla qətlə yetiriblər. Sonra onun cəsədini aparıb əsasən azərbaycanlılar yaşayan və Ərşad Məmmədovun direktoru olduğu Kuropatkino kəndi ərazisinə atıblar. Beləliklə, onlar hadisənin azərbaycanlılar tərəfindən törədildiyi barədə yalan məlumat yayıblar.

Saxta cinayət işi əsasında azərbaycanlılar - Ərşad Məmmədov, Ələmşad Məmmədov və Söhrab Məmmədov həbs ediliblər. Həbsxanada isə onlara ağır işgəncələr verilib və zorla cinayəti boyunlarına götürməyə nail olublar.

Beləliklə, saxta qurulmuş məhkəmənin qərarı ilə Ələmşad Məmmədov güllələnməyə məhkum edilib, Ərşad Məmmədov 15 il həbs cəzası, Söhrab Məmmədov isə bəraət alıb. Hətta bu saxta qərarın da kifayət qədər sərt olmasına baxmayaraq, ermənilər məhkəmə zalına hücum edib, Ələmşad və Ərşadı öldürüb, Söhrabın olduğu dustaq maşınına isə od vurublar. Sonra onlar hər üç azərbaycanlının meyitinə od vurub yandırıblar.

Ermənilər tərəfindən üç azərbaycanlının yandırılmasına şahidlik edən Xankəndi rayonu, Nizami Gəncəvi adına 4 saylı orta məktəbin riyaziyyat müəllim Nadir Rəşidov “Report”a açıqlamasında hadisə ilə bağlı öz acı təəssüratlarını bölüşüb.

Hadisə vaxtı 12 yaşında olmuş Nadir Rəşidovun sözlərinə görə, məhkəmə prosesi bitdikdən sonra ermənilər məhkumların aparıldığı avtomobili aşırıb və onları yerindəcə güllələyib, cəsədlərin üzərinə isə benzin tökərək amansızcasına yandırıblar:

“Üç nəfər azərbaycanlının ermənilər tərəfindən yandırılaraq vəhşicəsinə qətlə yetirildiyini eşitdim. Qətlə yetirilənlərdən biri Qaradağlı kənd məktəbinin direktoru Ərşad Məmmədov idi. Hansı ki, həmin Qaradağlı kəndindən bir erməni uşağı itkin düşmüşdü. İki-üç gün sonra kəndin kənarında itən uşağın cəsədi tapılıb. Elə azərbaycanlılara qarşı törədiləcək vəhşilik aktının biri də bu zaman baş verib. Ermənilər qətl hadisəsində Məmmədov Ərşad Daşdəmir oğlu, Məmmədov Zöhrab Səhrəman oğlu və Məmmədov Ələmşah Xanlar oğlunu şərləyərək həbs etdilər. Xankəndində məhkəmə keçirildi və onlara hökm oxundu”.

O zaman ermənilərin azərbaycanlılara qarşı aqressiyasını hələ tam başa düşmədiklərini bildirən N.Rəşidov qeyd edib ki, ermənilər Qarabağla bağlı iddialarını bu cür süni çaxnaşmalar salaraq dilə gətirməyə çalışırdılar:

“Onlar elə görüntü yaratmağa çalışırdılar ki, sanki burada azərbaycanlılar ermənilərə qarşı etnik zəmində hansısa təhlükə törədə bilərlər. Halbuki əksinə, Xankəndidə yaşayan azərbaycanlılar vahimə, qorxu içində idilər. Bu hadisədən sonra bir sıra azərbaycanlı ailə bir neçə ay Xankəndidən ətraf kəndlərə köçdülər. Hətta evlərini satıb buranı tamamilə tərk edənlər də var idi. Öldürülən uşaq da elə ermənilərin özləri tərəfindən öldürülmüşdü. Çünki Qarabağda baş verən bu cür hadisələr ermənilərin məkrli planlarına xidmət edirdi. Azərbaycanlıları bu ərazilərdən köçə məcbur etmək, didərgin salmaq üçün səbəblər lazım idi, həmin səbəblər isə ermənilər tərəfindən süni şəkildə yaradılırdı”.

“O zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyev Qarabağda sakitliyi bərpa etdi. Heydər Əliyev Xankəndiyə səfər etdi. Şuşada müşavirə keçirildi və azərbaycanlılara qarşı törədilən vəhşilik hadisəsinin iştirakçısı olmuş bütün cinayətkarlar bir gecədə həbs edildilər. Bundan sonra şəhərdə elə bir sakitlik yarandı ki, sanki belə hadisə baş verməmişdi”, - N.Rəşidov vurğulayıb.

Qeyd edək ki, ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən üç nəfər azərbaycanlı aşağıdakılardır:

1. Məmmədov Ələmşah Xanlar oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunun bağ gözətçisi işləyib, orada yaşayıb.

2. Məmmədov Zöhrab Səhrəman oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunda sürücü işləyib, orada yaşayıb.

3. Məmmədov Ərşad Daşdəmir oğlu əslən Qaradağlı kəndindən olub, Xocavənd rayonunun Kuropatkino kənd sovxozunda məktəb direktoru işləyib və orada yaşayıb.

Bənzər yazılar

0.14136695861816